Birinci Avropa Oyunlarının Məşəli Bakıya yaxınlaşır

Bakı 2015 alovu, ötən gün iyunun 5-də Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Bakıdan 103 km şimalda yerləşən Siyəzəndə qarşılanıb. Allspot.az xəbər verir ki, 2,76 km məasfəni əhatə edən və cüdo üzrə üçqat Azərbaycan çempionu Bəsti Səfərovanın başladığı estafetin növbəti mərhələsi Heydər Əliyev prospekti boyunca davam etdi.

Mərasimdə Saleh Balayev, Bahadur Əsgərov, Xəyyam Məmmədov, Zaur Həmzəyev, Ağadədə Allahverdiyev, Emin Nəzərov, Elçin Ağayev, Yahuz Əliyev və rəsmi dəstəkçi “Mila”nın nümayəndəsi Leyla Murtuzayeva iştirak etdilər. Boks üzrə üçqat ölkə çempionu Ruslan Qasımov Bayraq meydanında son məsafəni qət edərək, digər məşəlçilərin müşayiəti ilə səhnə önünə gəldi. Sürəkli alqışlar altında səhnəyə qalxaraq Bakı 2015-in Siyəzən məşəlini alovlandırdı.

Məşəl estafetinin iştirakçısı olmuş cüdoçu Bəsti Səfərova ürək sözlərini belə ifadə etdi: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi özü bir nəhəng və tarixi hadisədir. Amma Bakı 2015 alovunun regionlara səyahəti bu Oyunların daha əzəmətli keçməsinə səbəb olacağına inanıram. Fəxr edirəm ki, mən də belə bir hadisənin iştirakçısına çevrilmişəm. Azərbaycan bu Oyunlarla qüdrətini bir daha nümayiş etdirəcək və bununla qürur duymağa dəyər”.

Qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı alqış sədaları altında rayon ictimaiyyətinə təqdim etdi. Səmaya sülh göyərçinlərinin buraxılması ilə tədbir başa çatdı.

Karvan Azərbaycanın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biri olan Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinə yola salındı.

1963-cü ildə təşkil edilmiş və Xəzər dənizinin qərb sahilində yerləşən rayonun ərazisi 1966,1 km2, əhalisinin sayı 207 min nəfərdir. Xırdalan şəhəri, əhalisinin sayına görə, rayonun ən böyük yaşayış məntəqəsi olmaqla, həm də inzibati mərkəzdir. 2006-cı ilin oktyabrından şəhər statusu almış Xırdalanın ərazisi 1696 hektar olmaqla, əhalisi 104 min nəfərdir.

Bakı 2015-in alovu şəhərdə əvvəlcə 2014-cü ildə açılmış və göz oxşayan fasadı ilə diqqət çəkən musiqi məktəbinə gətirildi. Burada şəkillər çəkdirildi və videoobyektiv bu kadrları yaddaşına köçürdü.

Məşəl estfetinin Xırdalan mərhələsi 3,07 km oldu və böyük izdiham bütün küçələr boyu alov komandasını alqışlayıb şüarlar səsləndirdilər. Məhəmməd Əmin Rəsulzadə küçəsində yürüşü kunq-fu sanda üzrə 4-qat dünya və 3-qat Avropa çempionu Ramiz Yağnəliyev başladı. Qələndər Aslanov, Balakərim Rəhimov, Şərif Şərifli, Rafiq Məmmədov, Şahmar Əliməmmədov, Cavid Rəfiyev, Xəyyam Abışov və Zöhrab Əliyevin iştirak etdiyi estafet mərhələsi şəhərin Heydər Əliyev prospekti, ardınca Zərifə Əliyeva küçəsi ilə davam edərək, Heydər Əliyev parkında başa çatdı. Kunq-fu sanda üzrə 4-qat Avropa və dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkının girişində estafeti qəbul edərək, son məsafəni qət etdi və digər məşəlçilərin önündə parkda qurulmuş səhnə qarşısına gəldi. Sonuncu məşəlçi Rövşən Həşimov Bakı 2015-in Abşeron rayonuna hədiyyəsi olan çırağı alovlandırdıqdan sonra, aparıcının suallarını cavablandırdı.

Paytaxtın Suraxanı rayonunda yerləşən qədim Atəşgah məbədində alovun alınması mərasimindən, ardınca Bakı 2015-in təbliğat kampaniyasının reklam videoçarxları nümayiş etdirildi.

Məşəl estafetin iştirakçısı Xəyyam Abışov ürək sözlərini belə ifadə etdi: “Avropa Oyunları kimi tarixdə ilk dəfə keçiriləcək idman hadisəsinin nəinki şahidi, həm də iştirakçısı olmaq mənim üçün böyük şərəfdir. Buna görə hədsiz sevinc içindəyəm. Bir kikboksçu kimi, Avropanın öz Oyunlarına olimpiya proqramına daxil olmayan 4 növü, o cümlədən də mənim də məşğul olduğum idmana yaxın proqramları daxil etməsini alqışlayıram. Karateçilərimizə ümidüm böyükdür, onlara güvənirəm. Komandanın lideri Rafael Ağayevdən mütləq parlaq nailiyyət gözləyirəm”.

Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı gənc fəal Nabat İbrahimova alqış sədaları altında rayon ictimaiyyətinə təqdim etdi və bu an səmaya şarlar buraxıldı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Beləliklə, Bakı 2015-in məşəli paytaxta doğru yolda sabah, iyunun 6-da son dayanacağı olacaq Qobustan Milli Parkına gətiriləcək.

Həmin kateqoriyadan