Dünya çempionu Bakı-2015-in elçisi seçildi

Bu gün, Bakı-2015, polşalı dağ velosipedi idmançısı Maya Vloşçovskanın bu yayın ən mötəbər tədbirinin idman elçisi olacağını açıqlayıb. Allsport.az xəbər verir ki, Maya Vloşçovska Pekin-2008 Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə eyni idman növü üzrə dünya çempionu adını qazanıb.

İlk əhəmiyyətli qələbəsini 2003-cü ildə dağ velosipedi üzrə marafon yürüşünün dünya zirvəsinə yüksəlməklə əldə edən təcrübəli idmançı bu günə qədər dünya və Avropa çempionatlarının 22 medalını qazanıb.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq açıqlamasında bildirib ki, Mayanın beynəlxalq idman elçisi kimi Oyunlara cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinə daha bir bariz nümunə və bu yay Bakıya gələcək idmançıların səviyyəsinin əyani göstəricisidir: “Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir və iyun ayında Avropa Oyunlarında onun yarışlarda iştirakını səbirsizliklə gözləyirik”.

Bakı-2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada həyata keçirilən marketinq kampaniyalarında Avropa Oyunlarının təbliğatında iştirak edəcəklər.

31 yaşlı Maya Vloşçovska deyib: “Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsiziklə gözləyirəm. Oyunların və dağ velosiped idmanının Avropada, eləcə də, bütün dünyada nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram”.

Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki deyib: “Maya Bakı-2015-in elçi proqramı üçün əla seçimdir və onun Oyunları Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm”.

Maya Vloşçowska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3×3 basketbol komandasından sonra Bakı-2015-in növbəti beynəlxalq idman elçisi oldu. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb oluna bilər.

Bakı-2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-ü, şənbə günü, Dağ Velosipedi Parkında baş tutacaq. Biletləri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, paytaxtın 11 əlverişli məkanında quraşdırılmış bilet satış məntəqələrindən və www.baku2015.com/tickets saytından onlayn rejimdə almaq mümkündur.

Həmin kateqoriyadan