Fransanın idman portalı ilk Avropa Oyunlarından yazdı

Fransanın idman portalı Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan yazıb. Allsport.az xəbər verir ki, məqalədə Bakının Avropa Oyunlarına ciddi hazırlaşdığı, Avropa Oyunlarının təntənəli açılışına 147 gündən az müddət qaldığı qeyd olunur.

Portal Avropa Oyunlarının tərəfdaş şirkətləri haqqında da məlumat verir. Yanvarın 15-də “Bakı-2015” Avropa Oyunları təşkilatçılarının Coca-Cola şirkəti ilə əməkdaşlığa dair yeni müqavilə bağlaması, bu Amerika şirkətinin Avropa Oyunlarının təşkilat komitəsi ilə birgə əməkdaşlığa dair müqavilə bağlayan yeddinci tərəfdaş olduğu diqqətə çatdırılır. Coca-Cola-dan əvvəl altı milli və beynəlxalq şirkətlə – “Azərbaycan Hava Yolları”, BP, Nar Mobile, PG, SOCAR və Tissot ilə artıq əməkdaşlıq baradə razılıq əldə edildiyi vurğulanan məqalədə bu şirkətlərin Avropa Oyunları ilə bağlı müxtəlif funksiyaları yerinə yetirəcəkləri qeyd olunur.

Portal qeyd edir ki, Coca-Cola şirkəti ilə əldə olunan müqaviləyə əsasən, şirkət idman tədbirləri zamanı tamaşaçıları sərinləşdirici içkilər və mineral sularla təmin edəcək, Azərbaycan bazarına Avropa Oyunlarının təsvir olunduğu məhsullar çıxaracaq. Avropa Oyunlarının açılışından əvvəl və idman yarışlarının gedişi zamanı möhtəşəm mədəni tədbirlərin keçiriləcəyi xüsusi vurğulanan məqalədə səhnə ulduzlarının, 2011-ci ildə keçirilmiş “Eurovision“ mahnı müsabiqəsi qaliblərinin və digər müğənnilərin çıxış edəcəkləri haqqında məlumat verilir.

Məqalədə həmçinin üzərində “Od qoruyucuları“ sözləri yazılan qırımızı idman köynəyində 12 min 500 könüllünün yarışlarda iştirakı ilə bağlı müraciətlərin artıq təşkilat komitəsinə ünvanlandığı bildirilir. Sonda “Bakı-2015” Avropa Oyunlarının yalnız Odlar Yurdunun deyil, həm də dünyanın idman həyatında mühüm hadisə olacağı diqqətə çatdırılır.

Həmin kateqoriyadan