Gənclərdən Avropa Oyunlarına yaradıcı dəstək

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclər ilk Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevirdə və Gəncədə möhtəşəm festivalların keçirilməsinə hazırlaşır. Allsport.az xəbər verir ki, yaxın günlərdə keçiriləcək festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirəcək, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verəcəklər.

Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar təşkil olunacaq. Avropa Oyunlarının Mingəçevirdə də keçiriləcəyi nəzərə alınaraq, Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq. Hazırda hər iki şəhərdə festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilir, tədbirin proqramı üzərində iş aparılır.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Dövlətimizin başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırıb. O, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə, o cümlədən Avropa Oyunlarında gənclərin fəallığının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında xüsusi rol oynayacaq.

Həmin kateqoriyadan