İlk Avropa Oyunları “Ulduz elçi” proqramını təqdim edib

Bu gün Bakı-2015 Azərbaycanın ən məşhur incəsənət nümayəndələrdən bir qrupunu ilk Avropa Oyunları üçün ulduz elçilər seçib. Allsport.az saytı xəbər verir ki, Muğam Mərkəzində keçirilən təqdimatda musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb.

Sözügedən ulduzların sırasına müğənnilərdən Tünzalə Ağayeva, Röya, Avroviziya mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar və musiqiçilərdən DJ Shock daxildir. Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir.

Adıçəkilən proqram ulduz elçilərin iyun ayının 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

İştirakçılar Bakı 2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.

Təqdimat tədbirində çıxış edən müğənni Tünzalə xanım Ağayeva qeyd edib: “Mən səhnədə çıxış edərkən gözəl ifa göstərmək üçün əlimdən gələni edirəm. İyun ayında Azərbaycan bütün Avropanın zövq alacağı unudulmaz bir şou nümayiş etdirəcək. Mən Bakı-2015-in Ulduz Elçisi olaraq könüllü proqramı kimi təşəbbüslər vasitəsilə Bakı 2015-ə qatılmaq üçün insanları ruhlandırmağa çalışacam və ölkəmiz üçün tarix yazılmasında iştirak edəcəm”.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq əlavə edib: “Bu elan bizim elçi proqramımızın genişləndirilməsində növbəti addım və möhtəşəm idman yarışını həyata keçirmək üçün davam edən hazırlıq işlərimizin dinamikasına əlavədir. Biz göstərdikləri dəstəyə görə ulduz elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda Bakı-2015-in təbliğ olunmasına kömək etmək üçün onlarla birlikdə işləməyi səbirsizliklə gözləyirik”.

Həmin kateqoriyadan