Nizami rayonunda Avropa Oyunlarına hazırlıq müzakirə edilib

Aprelin 9-da Nizami rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda rayon müşavirəsi keçirilib. Allsport.az xəbər verir ki, müşavirədə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin davam etdirildiyini deyib.

I Avropa Oyunlarının 4 qrup üzrə 18 yarış obyektində keçiriləcəyini deyən T.Budaqov Milli Gimnastika Arenası ilə yanaşı, Olimpiya kəndinin və Mətbuat-media mərkəzinin də Nizami rayonunda yerləşdiyi qeyd edib. Rayondakı prospekt və küçələrdə geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini deyən icra başçısı yaşıllıq sahələrinin salındığını və sanitariya–təmizlik işlərinin görüldüyünü, işlərə mayın sonunda yekun vurulacağını bildirib.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, belə bir beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrin icrasını təmin edəcəklərinə əminliyini ifadə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları üzrə obyektlərin meneceri David Stor Avropa Oyunlarına hazırlıq və yarışların keçirilməsi müddətində idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində görüləcək işlərdən söhbət açıb.

Müşavirədə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində ictimai təhlükəsizləyin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

Həmin kateqoriyadan