“Qarabağ”da bizdən heç nə gizlədilmədi”

Polşanın “Veçista” komandasının baş məşqçisi Dariuş Marzek, ötən ilin noyabrında “Qarabağ”ın düşərgəsində keçdiyi bir həftəlik təcrübə proqramı ilə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, yerli mətbuata bunu sölyəyib:

“Mən hələ “Stal”da işlədiyim dönəmdə Avropa Parlamentinin üzvü Tomaş Poreba ilə xaricdə təcrübə keçməklə bağlı söhbətimiz olmuşdu. “Stal”dan ayrılsam da, Poreba sözünün üstündə durdu. Onun “Qarabağ”la yaxşı əlaqələri olduğu üçün, bizim bu klubun düşərgəsində təcrübə keçməyimizə şərait yaratdı. Biz məşqçilər olaraq daim inkişaf etməyə çalışırıq, yeniliklər axtarırıq.

“Qarabağ”ın avrokuboklarda “Visla” (Krakov), “Legiya” (Varşava) kimi komandalarla oynaması, bu yaxınlarda isə “Lex”i (Poznan) 5:1 hesabı ilə məğlub etməsi bizi maraqlandırmaya bilməzdi. Fikirləşdik ki, görəsən, bu necə mümkün ola bilər? İndi bunun niyə baş verdiyini və içəridən necə göründüyünü bilirik. Biz bu təcrübədən çox məmnunuq və onun təşkilinə görə cənab Tomaşa təşəkkür etmək istərdik”.

Marzek Polşa ilə Azərbaycan futbolu, həmçinin milli çempionatlar arasındakı fərqlərdən də danışıb: “Fərqlər olduqca böyükdür. Polşada, Bolqarıstanda və Portuqaliyada çıxış etmiş Simeon Slavçev bizim komandamıza gəldi. Dediyinə görə, onun üçün ən mütəşəkkil və ən yaxşı klub “Qarabağ”dır. Bu, orada gördüklərimizdən sonra təsdiqləndi. Həmin vaxt “Qarabağ”ın çempionat matçını da izlədik. Baxmayaraq ki, həmin oyunda bir qədər məyus olduq (“Zirə” ilə 0:0 başa çatan oyunu nəzərdə tutur). Amma səhərdən axşama qədər bizə necə işlədiklərini göstərirdilər. Bizdən heç nə gizlətmirdilər. Bu komandada işləyən baş məşqçi 14 ildir orada çalışır. Bizdə də Marek Papşunu oxşar nümunə kimi qeyd etmək olur. Hansı ki, “Rakuv” indi bunun nəticələrini görür.

Azərbaycanda müşahidə etdiklərimiz bizə çox kömək olacaq. Polşalı məşqçilər xaricdə təcrübə keçməkdə utanmamalıdırlar. Daim inkişaf etməli, “Qarabağ” və digər klublarda gördüyümüz, müşahidə etdiyimiz elementləri gündəlik işimizdə istifadə etməliyik”.

Həmin kateqoriyadan