TBS 1-ci Avropa Oyunlarını pulsuz yayımlayacaq

Bakı-2015-in Yaponiyada yayımlanmasını təmin etmək məqsədi ilə bu gün təşkilatçılar Tokio Yayım Sistemi Televiziyası ilə müqaviləyə bağlayıb. Allsport.az xəbər verir ki, pulsuz yayımlanan kanal bütün daxili, yaxud yerli platformalar üzrə 17 günlük yarışların, o cümlədən açılış və bağlanış mərasimlərinin, gündəlik parlaq məqamlarından seçilmiş video-materialların yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin edib.

1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə bunları detib: “Bakı-2015-in Yaponiya bazarında təqdim edilməsini təmin etmək məqsədilə TBS Televiziyası ilə müqavilə imzalandığı üçün çox məmnunuq. İdmana həvəsli xalqın yaşadığı Yaponiyada Avropa Oyunlarına böyük marağın yaşanacağına inanırıq və oradakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur”.

TBS ümummilli şəbəkəyə, o cümlədən, ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, həmçinin, ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS-ni və 24 saat xəbər xidməti göstərən NewsBird kanalını, eyni zamanda ümummilli radio şəbəkəsini idarə edir.
TBS 1997-ci ildən bəri Yaponiyada Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının dünya çempionatlarının eksklüziv yayım şirkətidir və Olimpiya və Qış Olimpiya Oyunlarını, FİFA Dünya Kubokunu və Asiya Oyunlarını əhatə edən Yapon yayım şirkətləri konsorsiumunun üzvüdür.

Yayım şirkəti Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası Çempionatının, Əsas Beysbol Liqasının və Beynəlxalq Voleybol Federasiyasının Dünya Voleybol Çempionatının yayım xidmətini göstərir. TBS Sports-un icraçı vitse-prezidenti Masamiçi Amano deyib: “Bakı 2015 Avropa Oyunları tarixi yarışlar olacaq və biz uzunmüddətli və məhsuldar olacaq tərəfdaşlığa başlamağımızla fəxr edirik. Biz 1-ci Avropa Oyunlarını və Bakı şəhərinin dünyaya təklif etdiklərini Yaponiyanın hər yerindəki tamaşaçılara təqdim etməyi səbirsizliklə gözləyirik”.

Bu, Bakı-2015 tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra, imzalanan növbəti müqavilədir. Həmin anlaşmaya görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, L’Equipe 21 kanalı vasitəsilə Fransada yayımlanacaq.

Həmin kateqoriyadan