Üzdəniraqlar həm olimpiadaya vəsiqədə, həm də təbliğatda AGF-dən öndə oldular. Hayla gələn, vayla gedər

Ötən ayın sonu Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatına yekun vurulub. Həmin yarışa ölkəmizin şərəfini 3 növdə 26 idmançı (17 yerli, 9 legionçu) qoruyub. Paris-2024-ə vəsiqə verən ilk məsul sınaqda tək yunan-Roma güləşçilər fərqləniblər. Millimiz 2 qızıl və 3 gümüş medala yiyələnib. 2 final görüşü olimpiya çəkisinin payına düşüb və bu sayda “dördilliy”ə vəsiqə qazanılıb.
Qadın güləşində rüsvayçılıq olub. Nə medal, nə də lisenziya sorağı gəlib. Mötəbər yarışlardan əliboş dönməyən Mariya Stadnik, deyəsən, tükənib.
Sərbəst güləşdə 10 çəkidən 2 gümüş mükafatın 1-i olimpiya proqramına aid olub. Demək, Paris-2024-ə cəmi 1 vəsiqə qazanılıb.

2020-ci ildə baş tutan 2-ci Vətən müharibəsində (1-ci Qarabağ savaşında ruslar və öz içimizdə xainlər olmasaydı, onda da qalib gəlirdik) təslim etdiyimiz, ötən ayın 20-sində antiterror əməliyyyatı ilə 1 gündə Qarabağda məsələyə nöqtə qoyduğumuz bir dönəmdə, mənfur düşmənin güləş komandaları Paris olimpiadasına bizdən çox vəsiqə qazanıblar. Ərmənlərdə yaşayan soysuzlar “sərbəstlər”də 2 (57 kq; 65 kq), “klassiklər”də 3 lisenziyaya (67 kq, 77 kq, 97 kq) sahib çıxıblar.

Bu azmış kimi, beynəlxalq səhnədə təbliğatları geniş olub. “Ştark arena”ın tribunalarında yerləşdirilən Ərmənistan bayraqları Dünya güləş birliyinin foto-obyektivi vasitəsi ilə dörd bir tərəfdə görüntülənib. Məyusedici fakt odur ki, şəkillərdə tamaşaçılar arasında Odlar yurdunun üçrəngli ay-ulduzuna rast gəlinməyib. Media sektorunda da əks yandan, qonşu Gürcüstandan müstəqil jurnalistlər yer alıblar. Elə anlama gəlinməsin ki, Azərbaycan güləş federasiyası bacarıqsız və kasıb təşkilatdır. Əsla!

Balkanlara bizdən 3 komandaya 12 məşqçi(!) və federasiyadan 6 nümayəndə yollanmışdı. Digər heyət üzvlərini də nəzərə alsaq, say 20-ni aşır. Nəticəyə o qədər bağlanılıb ki, dünyanın nəhəng gücləri ilə diplomatik savaşda olduğumuz bir dönəmdə, tribunaın qarşısında Azərbaycan bayrağının mövcudluğu heç kəsin yadına düşməyib. Qismətdən artıq yemək olmaz. Zatən nəticə göz önündədir. Sözsüz ki, bu işdə diasporla iş üzrə dövlət komitəsinin və Serbiyadakı səfirliyimizin də üzərinə məsuliyyət düşür. Amma əsas vəzifə 10 gün arenada olar azərbaycanlılarda idi.

Y.S. Yeri gəlmişkən, 2020-ci ildə gənclər və idman nazirliyin maliyyə dəstəyi ilə Romada keçirilmiş Avropa çempionatında ezam olunan bəndəniz, bu işi təkbaşına və könüllü görmüşdü: Ukrayna və Belarusu, eləcə də öz ölkələrini təmsil edən hayların arxasında Azərbaycan bayrağı! Dünya güləş birliyinin imzalı şəkilləri bunun isbatıdır.  

Kamran HACI

2020-ci il. Roma, Avropa çempionatı

Həmin kateqoriyadan