27-ci spartakiadanın qalibi Heydər Əliyev adına NEZ-in komandası olub

“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin 27-ci spartakiadasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 33 müəssisədən 1400-dən artıq iştirakçının 14 idman növü üzrə mübarizə apardığı turnirdə Heydər Əliyev adına neft emalı zavodunun komandası qalib olub. Neft Kəmərləri İdarəsi ikinci, “Neft Daşları” neftqazçıxarma idarəsinin komandası isə üçüncü yeri tutub.

Bu gün “Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. İlk öncə klubun idman qurğuları ilə iş üzrə meneceri Zamir Mütəlibov çıxış edərək Spartakiada haqda qısa məlumat verdi. O,təntənəli surətdə keçirilən açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğuladı. Bu mötəbər tədbirin neft, qaz, kimya sənayesinin müəssisələri və onların işçiləri arasında mehribançılıq, kollektivçilik, səmimiyyət yaratdığına əminliyini ifadə edən natiq, nümayəndələrə növbəti spartakidalara daha ciddi yanaşmağı və yaxşı hazırlaşmağı tövsiyə etdi.

Sonra ”Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək tədbir iştirakçılarına qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salam və təbriklərini çatdırdı. O, “Neftçi İdman Klubu” tərəfindən Azərbaycan neft, qaz və kimya sənayesinin işçiləri arasında keçirilən Spartakiadanın artıq ənənəyə çevrildiyini və bu möhtəşəm tədbirin onun iştirakçıları arasında dostluq münasibətlərinin yaranmasına, mövcud əlaqələrin isə daha da möhkəmlənməsinə zəmin yaratdığını söylədi. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən klub rəsmisi neft, qaz və kimya sənayesi işçilərinin yığma komandasının respublika spartakiadasındakı uğurlu çıxışından da söhbət açdı. O, “Neft Daşları”nın qarşıdan gələn 70 illik yubileyi münasibətilə qurumun tədbirdə təmsil olunan nümayəndələrini klubumuzun rəhbərliyi və kollektivi adından təbrik etdi. Baş menecer çıxışının sonunda bütün iştirakçılara yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi və qalibləri təbrik etdi.

Daha sonra klubun kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov XXVII Spartakiadanın gedişatından geniş söhbət açdı. Turnirin çox gözəl və ədalətli keçməsini qeyd edən natiq, tədbir boyu müəyyən kiçik nöqsanlar olsa da, onların tez bir zamanda aradan qaldırılmasına çalışdıqlarını və əksər hallarda buna nail olduqlarını məmnunluqla ifadə etdi. O, yarışların ümumilikdə yüksək səviyyədə keçməsində iştirakçıların da böyük pay sahibi olduqlarını qeyd etdi və bu cür aktivliklərinə, göstərdikləri köməyə görə bütün iştirakçılara minnətdarlığını çatdırdı, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Ardınca qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim olundu. Tədbirin sonunda çıxış edən neft, qaz və kimya sənayesi müəssisələrinin nümayəndələri Spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.

Həmin kateqoriyadan