İdman nazirliyinin media təlimlərində təcavüzkarlıq və zorakılıq öyrədilir?

Allsport.az saytı xəbər verir ki, 28-30 sentyabrda Quba olimpiya idman kompleksində gənclər və idman nazirliyi və Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ASAPES) təşkilatçılığı ilə idman jurnalistləri üçün növbəti treninq keçirilib. Rəsmi məlumata görə, təlimdə 21 KİV qurumundan 24 jurnalist, eləcə də ASAPES-in “İdman jurnalistikası magistr proqramı”nın tələbələri, multimedia mərkəzinin əməkdaşları iştirak ediblər. Sayca 4-cü olan məşğələni “High Park Communications” şirkətinin təsisçisi və direktoru Kolin Qibson aparıb.

İdman jurnalistləri üçün təlimlərin təşkili müsbət haldır. Yenilər öyrənir, təcrübəlilər daha püxtələşirlər. Məhəmməd peyğəmbər (ə. s.) həmişə elmə böyük önəm verib, elm Çində də olsa, onun arxasınca gedin, söyləyib. Bu üzdən nazir Fərid Qayıbovun addımı alqışlanmalıdır. Amma gəlin görək, bu məşğələnin səmərəsi nə dərəcədə effektlidir? Bakıda yaşayan KİV mənsubları üçün tədbir paytaxtda deyil, bölgədə keçirilib. Zarafat deyil, buna xeyli vəsait xərclənib.

Dünən Avro-2024-ün seçməsində “F” qrupunda Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan millisi Avsrtiya futbolçuları ilə qarşılaşdılar. Oyun 0:1 qonaqların xeyrinə başa çatdı. Matçdan sonra mətbuat konfransı keçirildi. Qaydaya əsasən, ilk olaraq rəqib baş məşqçi gəldi. Toplantının sual-cavab hissəsində, KİV-də hərşeyşünas kimi tanınan, idman nazirliyinə yaxınlığı elə seçilən, bəhs edilən Quba media treninqinin iştirakçısı, Krakovda keçirilmiş 3-cü Avropa oyunlarında Azərbaycanı 700 avro cərimələdən, jurnalistlərə və klub mühafizəçilərinə hücum çəkən, operativ24.az saytının nümayəndəsi, bəzi mənbələrdə idman.biz-az-ın əməkdaşı kimi bilinən, qatıldığı idman və digər sahələrin tədbirlərini hansı media orqanında dərc edildiyi məlum olmayan Ağa Dadaşzadə (aşağı şəkildə arxa cərgədə ayaq üstə dayanan) söz aldı.

O, Ralf Ranqnikə ölkəmiz adına yaraşmayan, onun nüfuzuna xələl gətirəcək sual verərək soruşdu ki, oyunun sonlarında rəqib futbolçu Saşa (Kalajhzic – 7 nömrə) bizimkinə kəllə vurdu. Bura Odlar yurdu. Qorxmurlar ki, sonra onlara pis ola bilər? Bu, təcavüzkar və zorakı sual idi! Almaniyalı baş məşçi duyulanı normal qarşıladı. Açığı, yerli tərcüməçi də bunu olduğu kimi çevirməyib, yersiz söz-söhbətdən və rüsvayçılıqdan qurtardı. Azərbaycan demokratik, mədəni ölkədir. Bunun bariz nümunəsi, qonaqların mətbuat konfransının gedişində Avstriya seçməsinin bir neçə futbolçusu əlində “Xırdalan” pivəsi qəfil otağa daxil olaraq, onu masada əyləşənlərə fısqırtdılar, qələbəni kameralar önündə qeyd etmələri, bunu yerli camiyənin sakit və anlaşıqlı qarşılaması oldu.

Futbol – çılğın və məşhur idman növlərindəndir, oyun zamanı və sonra çox hadisə ola bilər. Azərbaycanda yurd içi və beynəlxalq görüşlərdə ara-sıra qalmaqal və dava-dalaş olub və axırı sülhlə bitib. Cəza üçün hakimlər, yerli və xarici nümayəndələr var. 3 gün boyunca media məşğələsində iştirak edən şəxsə normal sual verməyi öyrədə bilmirlərsə, o tədbir ümumən nəyə lazımdır? Bu döndü Azərbaycan cüdo federasiyasının jurnalistlərlə müsahibədə davranma qaydaları ilə bağlı məqçilər üçün təşkil etdiyi seminarlara. Nə qədər vəsait xərclənsə və təlimlər keçirilsə də, əksər cüdo məşqçiləri tanımadıqları, yaxın olmadıqları və ilk dəfə gördükləri jurnalistə “siz” deyil, “sən” müraciət edirlər.  

Həmin kateqoriyadan