Ustadlar yoqa barəsində

“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı davam edir. Allsport.az xəbər verir ki, tədbirin 2-ci günündə məşhur yoqa ustadı, musiqiçi, bəstəkar İmran Kriya, bəstəkar Renata Nurullayeva, Çin təbabəti üzrə mütəxəssis, Vu Minq Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova, həmçinin “CEO Artistic Yoqa” məktəbinin ustadı və rəhbəri Nandan Qautam mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Mütəxəssislər jurnalistlərə öz sahələrinə uyğun olaraq yoqa, art terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri haqqında məlumat veriblər, Azərbaycanda bu cür təlimlərə marağın artmasından məmnun olduqlarını bildiriblər. Festivalda əl işlərindən ibarət tematik yarmarka da təşkil olunub. Yerli brendlər tematik yarmarkada öz məhsullarını festival iştirakçılarına təqdim ediblər.

Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub. Bildirək ki, ANSA təhsil platforması ilə birgə keçirilən festival oktyabrın 8-dək davam edəcək.

Həmin kateqoriyadan