Xankəndidə tarixi oyun niyə “İlin idman tədbiri” seçilmədi? GİN-də əks-Azərbaycançılar yenə iş başında!

Gənclər və idman nazirliyi (GİN) ötən ilin 26 dekabrında “Buta” sarayında ənənəvi yekun tədbirində müxtəlif nominasiyalar üzrə qalib və mükafatçıları elan etdi. Nəticələr bu dəfə də ictimaiyyətdə birmənalı qarşılanmadı, özü ilə müxtəlif yorumlar və narazılıqlar gətirdi. Hətta dünyaca məşhur ən titullu idmançılarımız dilə gəldilər. Ən diqqət çəkən məqam isə, “İlin idman tədbiri”ndə futbol üzrə Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində Xankəndidə “Qarabağ” və MOİK klubları arasında keçirilən tarixi oyunun yer almaması oldu. Bu azmış kimi, nazirliyin rəsmi (mys.gov.az) saytında ilin yekunlarına aid ümumi hesabatında (29.12.2023) bu barədə bir cümlə belə qeyd edilmədi. GİN-in başbilənlərinin, eləcə də münsiflər heyətinin hansı siyasi mövqeyə malik olması, höküməti nə dərəcədə qəbul etməsi və hansı məzhəbə qulluq eləməsi barədə bir söz deyə bilmərəm. Amma görünən odur ki, ölkə başçısı – qalib ali baş komandan İlham Əliyevin qatıldığı əsr(lər)in hadisəsindən sükutla keçildi. Sanki zəfər çalan Azərbaycan deyil, Ərmənistanda yaşayan soysuzlar olub.

Heydər Əliyev İli”ndə – ümummilli öndərin 100-illiyində, onun layiqli davamçısının 1-ci xanım Mehriban Əliyeva ilə 2-ci Vətən müharibəsi şəhidlərinin övladlarıyla bir yerdə əlamətdar oyunu izləməsində, topa ilk zərbəni vurmasında böyük məna, ismarıc və hikmət var. İlham Əliyev çıxışında, “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir” söyləməsi, hər bir vətənpərvər azərbaycanlını çox qürurlandırdı. Üstəlik, bu ilin fevralında növbədənkənar prezident seçkisidir. Həmin tədbiri təbliğat kampaniyasının başlanğıcı da saymaq olar. Əminəm ki, Azərbaycan xalqı yenə sülhə, əmin-amanlığa səs verəcək.

Ancaq belə aydın olur ki, GİN-də bolqar məmur Mariana Vasilyeva sabitlik və hüzur istəmir. Əks halda, ilin sonunda “Xarı Bülbül Şuşa” ilə “Xarı Bülbül Laçın” imdad diləməz; olimpiya mükafatçıları, dünya və Avropa çempionları fəryad qoparmaz, seçki ərəfəsində gərginlik yaşanmazdı. Çox güman, onun “İlin idman tədbiri” nominasiyasında seçimi elə müvafiq olaraq, atıcılıq üzrə dünya çempionatı, kanoe və avarçəkmə üzrə Prezident kuboku və taekvondo üzrə dünya çempionatı olub.

Açığı, nazir Fərid Qayıbovun Xankəndi müəmmasında böyük rolu olduğuna inanmıram. Hər necə olsa, azərbaycanlıdır, özümüzküdür, bu dərəcədə kinli və qəddar olmaz, ildən-ildən jurnalistlərdən, idmançılardan, məşqçilərdən, iş adamlarından, dövlət qulluqçularından və məmurlardan ibarət “qara siyahı”nı genişləndirməz. Olanlar göstərir ki, hər şey 2021-ci ilin sentyabrından deyil, noyabrından sonra başlayıb (2022-ci ilin yazında heç bir əsas olmadan ümummilli liderin büstünü nazirliyin dəhlizindən 2-3 aylıq yığışdırılıb, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri lövhədən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkilləri birdəfəlik götürülüb).

Nə qədər təhlil etsəm də, Qarabağda tarixi oyunun “İlin idman tədbiri”nə salınmamasına bəhanə tapa bilmədim. GİN, 2023-cü ilin “ən yaxşıları”nın seçiminə 30 noyabrda start verib. “Qarabağ” və MOİK arasında görüş dekabrın 21-ində keçirilib. Nominasiyalar üzrə nəticələr bundan 5 gün sonra açıqlanıb. Elanın matçdan 21 gün öncə verilməsi heç kimi çaşdırmasın. Xankədidə oyun barəsində müzakirə xeyli əvvəl aparılıb, yüksək səviyyədə qərar verilib və KİV-də bu barədə xəbərlər yazılıb. Tədbirə dövlət tərəfindən öncədən hazırlıq görüldüyündən, bunun olacağını idman nazirliyin rəhbərliyi ilk günlərdən bilirdi. Eləcə də ölkə kubokunun təşkilatçısı olan Peşəkar futbol liqası.

Qaydaya əsasən, 3 mərhələli seçimin 1-cisində olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini yazıb təqdim edirlər. Demək, AFFA və ya PFL öncədən hazırlıq görməyib, futbolda icraçılar buna həvəsli olmayıblar. 2-ci mərhələ sosial media vasitəsilə izləyicilərimiz arasında aparılıb. Nəhayət, 3-cü mərhələ – nazirlikdə yaradılmış münsiflər komissiyanın rəyi də nəzərə alınmaqla, qaliblər elan edilir. Yəni, haraya çevirsək, əqrəb gəlib yenə GİN-in üzərində dayanır.

Üstəlik, bəndənizin adı və soyadı (qara siyahıda olanlar) bəzi federasiyaların namizədliyində olmasına rəğmən, artıq 2-ci mövsümdür ümumi siyahıya əlavə olunmamasını nəzərə alsaq, bu məsələdə də nazirliyin nə dərəcədə “səmimi”, “ədalətli” və “dürüst” olduğu görünür. Necə olur ki, GİN özünün arzulamadığı şəxslərə əngəl törətmək üçün futbol klublarına və qurumlarına, federasiyalara əmr verir və bu göstəriş dərhal, özü də həvəslə yerinə yetirilir, ancaq Xankəndidə tədbirlə bağlı nə özü addım atır, nə də qarşı tərəf təşəbbüs göstərir? Demək, hiylə niqabı taxanlar saxta dövlətçilik, millilik və vətənpərvərliklə illərdir xalqı aldartmaqla məşğuldurlar. Stadionda boş qalan yerləri görüncə, daha neçə-neçə layiqli idman adamının bilərəkdən kənarda saxlanılmasını, onların babalına və vicdanına buraxırıq. Ümidvaram ki, bir gün tarix qarşısında cavab verəcəkər.

Dərd burasındadır ki, daim özünü öyən və dünyanın ən qabaqcıllarından sayan Azərbaycan idman jurnalistləri assosiasiyası (AİJA) “İlin kəşfi”, “İlin hüquqşünası” və daha nəy(lər)i elan etməsi müqabilində, ““İlin idman tədbiri” – Azərbaycan kubokunun 1/8 finalında Xankəndində keçirilən “Qarabağ” və MOİK arasında oyunu”nu nominantlar sırasına yazmağı özünə sıxışdırmayıb. İdman araşdırmalar mərkəzi bu dəfə “qış yuxusu”ndan ayılmadığı üçün, müxtəlif istiqamətlər üzrə “İlin qalibləri”ni seçməyib. Komanda.az saytı ilə “Futbol+” qəzeti ənənəvi öz sorğularını keçiriblər, müvafiq olaraq “İlin məşqçisi” və “İlin futbolçusu”nu seçiblər.

Y.S. GİN-in yeni qərəzli rəhbərliyinin gəlişindən sonra udanlar – idarənin harada olduğunu bilməyənlər, haqsızlığa göz yumanlar və bir dəfə də olsun nazirliyin tədbirində iştirak edərək bir cümlə yazmayanlar oldu.

Kamran HACI

Həmin kateqoriyadan