AAAF Holdinqdən rəsmi açıqlama: Tofiq Heydərovun həbs olunması barədə xəbərlər yalandır

Bu gün müxtəlif Kütləvi İnformasiya Vasitələrində AAAF Holdinq və onun rəhbəri Tofiq Heydərov haqqında həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlar yayılıb. Allsport.az saytı xəbər verir ki, aaafpark.com bu barədə rəsmi açıqlama yayıb:

“AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun həbs olunması barədə xəbərlər yalandır. O, hazırda Kosovonun Priştina şəhərində start götürən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyindədir. Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və eyni zamanda yığma komandamızın baş məşqçisi olaraq həmin turnirdə iştirak edir.

Aparılan yoxlamalara gəlincə, bu, cari inventarizasiyadır. Məqsəd, Ədliyyə Nazirliyi Abşeron Rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir. İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar.

Qısa müddət ərzində inventarizasiya başa çatdırılıb, icra orqanları Kompleksimizi tərk ediblər. Hazırda AAAF Parkdakı bütün obyektlər əvvəlki ştat rejimində fəaliyyətini davam etdirir.

Yoxlanılmayan, heç bir hüquqi əsası olmayan məlumatların yayılması burada yaşayan sakinlərin, çalışanların, ümumiyyətlə AAAF Parkla əlaqəsi olan hər kəsin narahatlığına səbəb olub. Gələcəkdə KİV-lərin bu məsələlərdə daha diqqətli olacaqlarına, qərəz yox, peşəkarlıq nümayiş etdirəcəklərinə inanırıq.

Reytinq xətrinə yalan, böhtan xarakter daşıyan xəbərlərlə cəmiyyətin fikrini yanlış istiqamətə yönləndirənlər isə qanun və vicdan qarşısında cavab verəcəklər. Bu istiqamətdə müvafiq addımlar artıq atılmağa başlanıb.

Fəaliyyətində peşəkarlıq nümayiş etdirən media qurumlarına isə xüsusi təşəkkürümüzü bildiririk.

AAAF Park Yaşayış Kompleksi öz fəaliyyətini daima Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparıb və bundan sonra da eyni şəkildə davam etdirəcəkdir.

Həmin kateqoriyadan