«Olimpsport» 10-illik yubileyini qeyd edib

Beynəlxalq mətbuat mərkəzində “Olimpsport” jurnalının yaranmasının 10 illik yubiley münasibətilə tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, Toplantıda mətbuat şurasının sədri Əflatun Amaşov, “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, güləş federasiyasının vitse-prezidenti Firdovsi Umudov, olimpiya kateqoriyalı hakim Hicran Şərifov və voleybol federasiyasının baş katibi Elşən İsmayılov, eləcə də idman ictimaiyyətinin tanınmış nümayəndələri və Aprel şəhidlərinin ailə üzvləri də iştirak ediblər.

Çıxışlardan əvvəl jurnalın 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda “Olimpsport” jurnalının təbliğ etdiyi idman və olimpiya hərəkatını əks etdirən görüntülərlə yanaşı, cəmiyyətdə nüfuz sahibi olan tanınmış şəxslərin bu nəşr barəsində söylədikləri fikirlər öz əksini tapıb. Sonra millət vəkili Əflatun Amaşov ölkəmizdə idmanın inkişafı barəsində çıxış edərək bildirib ki, bu inkişafda “Olimpsport” jurnalının özünəməxsus yeri olub. Millət vəkili çıxışının sonunda jurnalın baş redaktoru Ramin Allahverdiyevə idman jurnalistikasının inkişafında səmərəli fəaliyyətinə, 10 illik yubiley münasibətilə diplom təqdim edib. 

Tədbirdə iştirak edən “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini, Əməkdar jurnalist Aslan Şirəliyev, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse – prezidenti Firdovsi Umudov, 1-S  kateqoriyalı hakim Hicran Şərifov və Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov “Olimpsport” jurnalının rəhbərliyi və yaradıcı heyəti barəsində öz fikirlərini bildiriblər. “Olimpsport ” jurnalının baş redaktoru, sərbəst güləş üzrə Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Ramin Allahverdiyev çıxış edərək tədbirdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirib.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Mətbuat Şurası, «Olimpiya» dünyası qəzeti və “Olimpsport ” jurnalının birgə keçirdiyi sorğu əsasında «son 10 ilin ən yaxşıları» nominasiyası üzrə nəticələr açıqlanıb. Müxtəlif nominasiyalar üzrə “Qızıl 10-luq”da yer alanlara mükafatlar təqdim olunub. Mükafatların təqdimatı zamanı jurnalın baş redaktoru Ramin Allahverdiyevin təşəbbüsü ilə son 10 ilin ən yaxşı dünya çempionu nominasiyasını bu ay Avropa çempionu olub, qələbəsini Aprel şəhidlərinə həsr edən Hacı Əliyevə şəhid Mahir Quliyevin atası təqdim edib. Tədbir bədii hissə ilə davam edib.


“Qızıl 10-luq” idman sorğusunun qalibləri:

Son 10 ilin ən yaxşı Olimpiya mükafatçısı
Toğrul Əsgərov (İkiqat Olimpiya mükafatçısı, Olimpiya çempionu, dəfələrlə Avropa və dünya çempionatlarının qalibi və mükafatçısı)

Son 10 ilin ən yaxşı dünya çempionu
Hacı Əliyev (Üçqat Avropa, üçqat dünya çempionu və Olimpiya mükafatçısı)

Son 10 ilin ən yaxşı Avropa çempionu
Cəbrayıl Həsənov (Üçqat Avropa çempionu, Olimpiya mükafatçısı )

Son 10 ilin ən yaxşı idman mütəxəssisi
Fərid Mansurov (Gənclər və İdman Nazirinin idman şöbəsinin müdiri, Olimpiya çempionu )

Son 10 ilin ən yaxşı məşqçisi
Firdovsi Umudov (dünyanın ən yaxşı məşqçisi, Dünya kubokunun sahibi,Əməkdar məşqçi)

Son 10 ilin ən yaxşı hakimi
Hicran Şərifov (1-S kateqoriyalı hakim, qızıl fit sahibi)

Son 10 ilin ən yaxşı idman rəhbəri
Sadıq Sadıqov (Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, “Neftçi ” İKİB-in idarəetmə aparatının rəhbəri)

Son 10 ilin ən yaxşı pəhləvanı
Vüsal Cavadov (zorxana və pəhləvani güləş üzrə üçqat Avropa, üçqat dünya çempionu və yeddiqat dünya rekordçusu) –

Son 10 ilin ən yaxşı idman xadimi
Oleq Krapivin (Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, dünya çempionu)

Son 10 ilin ən yaxşı futbol verilişi
“Futbol saatı “ (“Xəzər” TV )

Son 10 ilin ən yaxşı döyüş klubu
“TT Fight “

Fəxri diplomla təltif edilənlər:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında göstərdiyi əzmkarlığa görə
Ağahüseyn Mustafayev (Avropa çempionatının gümüş medal sahibi)

Gənclərin inkişafında göstərdiyi xidmətlərə görə
Rauf Rüstəmov (Tovuz Gənclər Evinin direktoru )

Həmin kateqoriyadan