Rəşad Sadıqov: “İlk dəfə idi ki, Bədavi Hüseynovu ağlayan görürdüm”

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– “Neftçi” ilə heç-heçəni sizin üçün sərfəli nəticə saymaq olar?
– Heç-heçə oyuna görə oldu. Əslində, bizim üçün heç də pis nəticə deyil.

– Artıq Milan “İnter”i ilə oyunu düşünmək olar?
– Fransa “Sent-Etyen”i ilə oyundan sonra bizim çempionatda “Simurq” və “Neftçi”yə qarşı iki çətin oyunumuz var idi. Bu müddət ərzində “İnter” haqda düşünməyə vaxt olmadı. Bu, müəyyən mənada bizim xeyrimizə oldu. Bizi ciddi sınaq gözləyir. Çox çətin oyun olacaq. Çempionatda çətinliklə qələbə qazanırıq. İndi isə buna Avroliqada, özü də “İnter” kimi komanda ilə görüşdə nail olmalıyıq.

– Deyilənə görə, “İnter” Bakıya ikinci heyəti ilə gələcək. Bu, “Qarabağ” üçün üstünlükdür?
– Əgər Roberto Mançini heyətə az düşən futbolçulara şans verəcəksə, onlar da özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. Həm də bizdə xeyli itki var. Elə Reynaldo ilə Çumbinyonun yoxluğunu qeyd etmək kifayətdir.

– Komanda üzərində təzyiq var?
– İki çempionat oyunu ərzində belə bir təzyiq hiss etmədik. Amma təbii ki, “İnter”lə oyunda təzyiq olacaq. Oyunçular azarkeşlər qarşısında çıxacağı bu oyunun məsuliyyətini dərk etməlidirlər. Səbrli olmalıyıq.

– “İnter”lə oyunu karyeranızın nə mühüm qarşılaşması saymaq olar?
– Vacib oyundur, amma o dərəcədə də yox. Məsələn, Hollandiya “Tvente”si ilə oyun daha vacib idi. Çünki həmin oyunlarda üstünlük əldə etməklə Avroliqanın qrup mərhələsinə düşdük. Yığmanın heyətində Türkiyəyə qarşı keçirdiyimiz oyunu, eləcə də daha bir neçə görüşü dü karyeramın ən vacib oyunlarından hesab edirəm.

– Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçisi təyin olunmasına münasibətiniz necədir?
– Ona uğurlar arzulayıram. Fikrimcə, bu təyinat uğurlu olacaq. Onun açıqlamaları, oyunlarımıza gəlməsi, bizi izləməsi xoşuma gəlir. Prosineçki bizə hücum futbolu oynatmağa çalışacaq. Biz bu tsikldə çətin qrupa düşmüşük. Amma yenə nəticə qazana bilərik. Prosineçkinin “Kayserispor”da çalışdığı dövrü yaxşı xatırlayıram. O vaxt azarkeşlər və klub rəhbərliyi ondan çox razı idi. Düzdü, uğursuzluğu da var idi, amma sərgilənən komanda oyunu hamının xoşuna gəlirdi.

– Bədavi Hüseynovun zədəsi nə dərəcədə ciddidir?
– Bilmirəm. Amma mən ilk dəfə onun ayağını tutub ağladığını görürdüm. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək.

Həmin kateqoriyadan