AFFA-da danışılmış oyunlarla mübarizəyə dair görüş

Martın 11-də UEFA və ölkə çempionatlarında iştirak etmək üçün tətbiq olunan lisenziyalaşdırma qaydalarının “B” meyarına uyğun olaraq Azərbaycan premyer liqası və 1-ci divizionda çıxış edən futbol klublarının danışılmış oyunlara qarşı mübarizə üzrə təyin olunmuş nümayəndələri ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

İdman yarışlarının manipulyasiyası haqqında konvensiya, Azərbaycan respublikasının cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında qanuna bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib, onlara mövsüm ərzində UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi ilə birgə klublarda fəaliyyət göstərən bütün komandalar üçün danışılmış oyunların qarşısının alınması istiqamətində biliklərin artırılması məqsədilə müxtəlif təlim-tədris materiallarından (video, təqdimatlar, bukletlər, təlim-tədris proqramları, köməkçi materiallar və s.) istifadə etməklə maarifləndirici treninqlərin keçirilməsi tapşırılıb.

Məsul şəxslərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA ilə əlaqə saxlamaq lazımdır.

Həmin kateqoriyadan