“Əsl gücümüzü göstərəcəyik”

“Əsl gücümüzü göstərəcəyik”

FİBA Avropa kubokunun “C” qrupunun VI turunda Türkiyənin “Əsənlər Ərokspor” klubuna evdə ağır məğlubiyyət alan (66:97) “Gəncə” basketbol klubunun baş məşqçisi Murad Dikmən matçdan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Qələbə münasibətilə rəqibi təbrik edirəm. Onlar cari turnirin əsas favoritləri sırasındadırlar. Bu qarşılaşma bizim üçün böyük əhəmiyyət daşıyırdı, lakin təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Komandaya baş məşqçi təyin olunduğum gündən bəri cəmi 7 oyunçudan, 5 legionçu və 2 yerli basketbolçudan ibarət heyətlə oynamaq məcburiyyətində qalırıq.

Hətta ilk gəldiyim vaxtlarda zədələrə görə cəmi 4 oyunçumuz var idi. Həm çempionatda mübarizə aparmaq, həm də avrokuboklarda səfərlərə çıxmaq yorğunluğu daha da artırır. Görüşün əvvəlində istədiyimiz kimi mübarizə apardıq, həm müdafiədə, həm də hücumda yaxşı görünürdük. Lakin Bakarinin cəzalı vəziyyətə yaxınlaşması ilə rotasiya etməli olduq və hələ ikinci periodun əvvəlindən oyuna nəzarəti itirdik.

Əslində, bizim üçün matç artıq fasilədən əvvəl bitmişti.Gənc basketbolçumuz Aydın İbrahimova daha çox şans vermək istərdik, lakin o, meydana daxil olduqdan cəmi 10 saniyə sonra zədələndi. Mörfinin cəzalanması da vəziyyətimizi daha da çətinləşdirdi. Bilirdik ki, rəqib çox güclüdür və azarkeşlərimizə daha keyfiyyətli oyun göstərmək istəyirdik.

Qarşıda bizi səfər matçları gözləyir. Həm daxili çempionatda, həm də avrokubokda mübarizəni davam etdirəcəyik. İnanıram ki, iki həftəlik fasilədən və zədəli oyunçularımız sıraya döndükdən sonra əsl gücümüzü göstərəcəyik”.

Həmin kateqoriyadan