AFFA-dan ağır cəza

AFFA intizam komitəsi 2-ci liqa komandası “Göygöl”ə texniki məğlubiyyət verib.

Allsport.az xəbər verir ki, buna səbəb “Şəki Siti” ilə 9-cu turun matçının 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış insanların meydana çıxaraq hakimlərə fiziki təzyiq göstərməsi olub.

Referinin yarımçıq dayandırdığı qarşılaşmaya görə “Göygöl” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. 500 manat cərimələnən klub liqanın növbəti ev oyununu da azarkeşsiz keçirməli olacaq.

Qarşılaşmanın 82-ci dəqiqəsində köməkçi hakimə fiziki təzyiq göstərən, ardınca təhqir etdikdən sonra meydana çıxaraq baş hakimə fiziki təzyiq göstərən və onu təhqir edən “Göygöl”ün baş məşqçisi Araz Mansurov 10 oyun diskvalifikasiya edilib. Bu həmçinin klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

Bundan başqa, “Göygöl”dən Ülvi Cəlilov, Vüqar Əşrəfli və Nicat Əmirxanov qırmızı vərəqə aldıqları üçün 1 oyun, “Sheki City”dən isə Xaliq Şabanov 2 matç cəzalandırılıb.

Qarşılaşmada “Göygöl” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyindən, kluba xəbərdarlıq edilib.

Həmin kateqoriyadan