“Baku Fires”in heyəti açıqlandı

Fevralın 28-də Ümumdünya Boks Seriyasının (WSB) X turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Kubanın “Cuba Domaderos” komandası ilə qarşılaşacaq. Boks Federasiyasından verilən məlumata görə, artıq hər 2 komanda heyətini açıqlayıb.

Belə ki, qrupumuzun aşkar favoriti olan Kuba komandasının ən tanınmış boksçusu Sotolonqodur. Yevgeni Romaşkeviçin rəqibi olacaq boksçu 2008-ci ildə Pekin Olimpiadasının bürünc medalını qazandıqdan 4 il sonra Londonda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sotolonqo 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatının da qalibi olub.

60 kq çəki dərəcəsində döyüşəcək Lazaro Alvarez də Kubanın ən güclü boksçularındandır. O, 2011-ci ildə Bakıda, ötən il isə Almatıda dünya çempionu olub. Alvarez 56 kq çəki dərəcəsində London Olimpiadasında 3-cü yerə layiq görülüb. Özbəkistanlı Tocibayevin ona ciddi müqavimət göstərməsi çətin olacaq.

Kubada rinqə çıxanlar arasında Avropa çempionumuz, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da olacaq. Onun rəqibi 2011-ci ildə Bakıda dünya çempionatının qızıl medalına layiq görülmüş Xulio Sezar la Kruzdur. Həmin yarışda Məmmədov 91 kq çəki dərəcəsində 2-ci yeri tutmuşdu. Teymur WSB liqasında bir döyüş keçirərək, qalib gəlib.

 

Komandaların heyətləri:

Cuba Domaderos – Baku Fires

52 kq. Xerardo Servantes – Məhəmməd Abdulhəmidov

60 kq. Lazaro Alvarez – Xurşid Tocibayev

69 kq. Roniel Sotolonqo – Yevgeni Romaşkeviç

81 kq. Xulio Sezar la Kruz – Teymur Məmmədov

+91 kq. Yoandi Toirak – Arslanbek Mahmudov

Kubalılar 8 görüşdən sonra 100 faizlik nəticə ilə B qrupunun vahid lideridir. “Baku Fires” isə 8 görüşdən 17 xal toplayaraq, B qrupunda 3-cü yeri tutur.

 

Turnir cədvəli:

1. Cuba Domaderos – 24 xal, (8 görüş)

2. Astana Arlans – 19, (9)

3. Baku Fires – 17, (9)

4. Rusiya – 14, (8)

5. Mexico Guerreros – 7, (9)

6. Hussars Poland – 4, (9)

 

A qrupunda isə İtaliyanın “Dolce Gabbana” komandası 20 xalla vahid liderdir. Ukraynalılar 19 xalla 2-ci yeri tuturlar. Almaniya 11 xalla 3-cü, ABŞ komandası isə 10 xalla 4-cü pillədədir.

 

Qeyd edək ki, bu həftə B qrupunda daha 2 qarşılaşma baş tutacaq: Mexico Guerreros doğma divarlar arasında Rusiya komandasını qəbul edəcək. “Poland Hussars” isə səfərdə “Astana Arlans”ın qonağı olacaq.

 

Həmin kateqoriyadan