Bakı çempionatının qalibləri mükafatlandırıldı

Bu gün məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Azərbaycan milli komandasının və “İnter” klubunun üzvü Elvin Məmmədov, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil etdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660 nəfər VIII sinif şagirdi qatılıb.

Çempionatın məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolun inkişafına dəstək vermək olub.

Yarışın nəticələrinə əsasən, I yeri 200 nömrəli tam orta məktəbin, II yeri 277 nömrəli idman təmayüllü tam orta məktəbin, III yeri isə 96 nömrəli tam orta məktəbin komandası tutub. Qaliblərə kubok, medal və diplom təqdim olunub. Komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə də mükafatlandırılıb.

Həmin kateqoriyadan