Baş idarədə 20 Yanvar hadisələrinə həsr olunan konfrans

Bakı şəhər gənclər və idman baş idarəsində 20 yanvar faciəsinin 33-cü ildönümünə “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib. Allsport.az saytı xəbər verir ki, konfransda baş idarənin rəisi Raqif Abbasov, AMEA-nın şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, dövlət idarəçilik akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və gənclər iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Raqif Abbasov tədbirdə çıxış edərək, 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.

Baş idarənin rəisi diqqətə çatdırıb ki, bu ağır günlərdə xalqını tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Bildirilib ki, ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Məhz onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Hazırda Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli şəkildə davam etdirilməsindən bəhs edən çıxışçılar yenilməz ali baş komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən sonra bütün şəhidlərin ruhunun şad olduğunu vurğulayıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish