Cüdo Federasiyasının vitse-prezidentinin 50 illik yubileyi qeyd olunub

Noyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü, “Neftçi” klubunun idarəetmə aparatının rəhbəri və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Sadıq Sadıqovun ölkəmizdə Olimpiya hərəkatının və ümumilikdə idmanın inkişafında xidmətlərindən danışıb, bu fəaliyyətinə görə ona təşəkkürünü bildirib. Ç.Hüseynzadə Sadıq Sadıqovun Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi də uğurla fəaliyyət göstərdiyini qeyd edib.

MOK-un vitse-prezidenti idman sahəsindəki xidmətlərinə görə S.Sadıqovu xüsusi hədiyyə ilə təltif edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də çıxışında yubilyara arzularını çatdırıb, onun fəaliyyətini yüksək qiymətləndirib. X.İsayev yubilyarın Azərbaycanın idman ictimaiyyəti arasında bacarığı və işgüzarlığı ilə seçildiyini qeyd edib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Olimpiya kateqoriyalı hakim Hicran Şərifov, Olimpiya çempionu Namiq Abdullayev, MOK-un baş katibi Ağacan Abıyev və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev S.Sadıqovun fəaliyyəti dövründə əldə etdiyi uğurlardan danışıb, təbriklərini çatdırıblar.

Səmimi təbriklərə və xoş arzulara görə təşəkkürünü bildirən Sadıq Sadıqov Azərbaycanda idmanın inkişafı, Olimpiya hərəkatının genişlənməsi yolunda bundan sonra da səylə çalışacağını bildirib.

Həmin kateqoriyadan