“Danışılmış oyunlar”a qarşı məsul şəxslər üçün seminar

AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə premyer liqası və 1-ci divizion klublarının “Danışılmış oyunlar”a qarşı məsul şəxsləri üçün seminar olub. Allsport.az saytı xəbər verir ki, futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə futbol ictimaiyyəti üçün mütəmadi maarifləndirmə işləri aparılır və neqativ əməllərdə iştirakı şübhəli bilinən futbol subyektləri cəzalandırılır.

“Danışılmış oyun” yarışın toxunulmazlıq prinsipini təhlükəyə atır və idman dəyərlərinə xələl yetirir. AFFA-nın yarışın toxunulmazlığı ilə əlaqəli nizam-intizam qaydaları bəllidir. Bundan əlavə, artıq uzun müddətdir ki, futbol yarışlarında manipulyasiya halları ilə mübarizədə AFFA yerli klublar ilə əməkdaşlıq edir. Məlum olduğu kimi, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” Dərəcəli meyar olaraq, klublarda “Danışılmış oyunlar”a qarşı məsul şəxslər təyin edilib.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. 

Həmin kateqoriyadan