“Dünya çempionatında hakim səhvi olursa, burada da yüz faiz olacaq”

Allsport.az saytı xəbər verir ki, I və II liqada 2023/24 mövsümünün püşkatmasında PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev daim aktual olan hakimlik məsələsinə toxunub:

“Bu suala heç kim “olmayacaq” cavabını verə bilməz. Dünya çempionatında hakim səhvi olursa, burada da yüz faiz olacaq. Bu necə I və II liqa komandaları üçün futbolçular baxımından təcrübədirsə, eyni zamanda hakimlər üçün də elə olacaq. Təbii ki, hakimlər komitəsi ilə danışırıq ki, oyunlara daha təcrübəli hakimlər göndərilsin.

Amma təcrübəsizlər də haradasa oyun idarə edib təcrübə qazanmalıdırlar. Səhvlər olacaq, sadəcə çalışmaq lazımdır ki, sayı az olsun. Bəzi məsələlər var ki, “CBCSport”da görünənlərlə VAR-da görünən çox fərqlidir. Media nümayəndələrini qınamaq olmaz. Hamı televiziyada gördüyünə görə qərar verir. Məsələn, “Qarabağ” – “Araz Naxçıvan” oyununda əksəriyyətin penalti olduğunu düşündüyü epizoda VAR-da baxıldıqdan sonra qayda pozuntusu olmadığı görünür.

Sadəcə, sürüşmə fəndi edən futbolçunun topa oynadığını siz görə bilmirsiniz. Amma VAR-da açıq-aydın görünür. Bunu bəraət və ya qınaq mənasında demirəm. Sadəcə anlayışla yanaşmaq lazımdır. Hakimin səhvi olsun, amma qərəzi olmasın. I və II liqada hakim səhvləri olacaq. Ancaq biz çox inanırıq.

İnanırıq ki, burada yaxşı məşqçilər, yaxşı futbolçular, menecerlər, idman direktorları yetişəcək. II liqanı qabartmağımın xüsusi səbəbi odur ki, I liqadakıların əksəriyyətinin təcrübəsi var. İkincilər üçün yeni bır sınaq, yeni macəra olacaq. İnanın bu çempionatı zaldakı şəxslər menecer kimi çox bəyənəcəklər”.

Həmin kateqoriyadan