Elmar Baxşıyev: Hakimlər hər oyunumuzda nəticəyə təsir edən qərarlar verirlər

Premyer liqasının 20-ci turunda “Qəbələ” evdə “Zirə” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, “Zirə” heyətində səviyyəli futbolçular olan yaxşı komandadır. Futbolçuların çıxışından ümumilikdə razı qaldım. Komanda xarakter göstərdi və azlıqda qalmasına baxmayaraq rəqibə layiqli müqavimət göstərdi. Sadəcə son saniyələrdə qol buraxmağımız xal itkisinə gətirib çıxardı. Bu komandada xarakter var. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldıracağıq.

Yenə hakimlik mövzusuna qayıtmaq istəyirəm. Hər oyunumuzda hakimlər hər şey edirlər ki, nəticəyə təsir etsinlər. Mən daim komanda ilə ünsiyyətdə oluram. Futbolçuları başa sala bilmirəm ki, hakimlər “Qəbələ”dən nə istəyir. Əgər matçdan öncə nəticənin heç-heçə bitməli olduğunu bilirlərsə, gəlib bizə də desinlər. Əsəb keçirməyib, rahat oyunumuza baxaq. Futbol ədalətliliyi sevir.

Mən onların qərarlarını başa düşmürəm. Sualları mənə yox, hakimlərə vermək lazımdır. Hakim “Sumqayıt”la görüşdə 2 penaltini vermir, soruşanda da görmədiyini deyir. Hamı görür, bunlardan başqa. Bizlə onlar fərqli baxır, epizodu ayrı görür. Ədaləti qorusalar, daha yaxşı olar”.

Həmin kateqoriyadan