“Final fitindən sonra baş hakimə etirazım, oyunun tempinin aşağı düşməsi ilə bağlı idi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə kubokunun 1/4 finalında “Sumqayıt”la oyun sonrası mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis mərhələ adlaya bilməməsinə təəssüfləndiyini bildirib:

“Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda qol fürsətlərindən istifadə edə bilməmişdik. Əks halda, bu gün vurduğumuz qol mərhələ adlamağımıza kifayət edərdi. Yarımfinala yüksələ bilməməyimiz bizim üçün üzücü haldır. Fasilədən yararlanıb, çempionata yaxşı hazırlaşacağıq.

Əlbəttə, mövsüm ərzində zədəli, cəzalı futbolçular olur. Buna baxmayaraq, heyətimiz məni qane edir. Meydana daxil olan futbolçular da vəzifələrinin öhdəsindən gəlmək üçün əllərindən gələni etdilər. Qışda hansı mövqeləri gücləndirməyə, komandanı hansı futbolçuların tərk edəcəyinə gəlincə, bu haqda düşünmək, bunu müzakirə etmək üçün kifayət qədər vaxtımız olacaq.

Final fitindən sonra baş hakimə etirazım, oyunun tempinin aşağı düşməsi ilə bağlı idi. Rəqib futbolçular bir çox halda tempi aşağı salmaq üçün özlərini yerə yıxırdılar, həkimlər meydana daxil olurdular. Etirazımın səbəbi bu idi”.

Həmin kateqoriyadan