İOEUGİM-in açıq birinciliyində qılıncoynadanlar bir araya gəldi

Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi qılıncoynatma üzrə oğlanlar və qızlar arasında açıq birincilik keçirib. Allsport.az saytı xəbər verir ki, paytaxtın 54 saylı orta məktəbdə təşkil olunan birincilikdə 68 idmançı qılıncoynatmanın qılınc və şpaqa silah növləri üzrə güclərini sınayıblar.

Açılış mərasimində İOEUGİM-in direktoru Elvin Məmmədxanov bildirib ki, yarışı keçirməkdə məqsəd yeniyetmələr arasında bu idman növünə maraqın yüksəldilməsi və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov Təhsil Nazirliyinin yeniyetmələrin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə böyük diqqət ayırdığını vurğulayıb. Son dövrlər digər idman növləri ilə yanaşı qılıncoynatmaya da marağın artdığını deyən Federasiya rəsmisi belə yarışların tez-tez keçiriləcəyinə ümid etdiyini bildirib.

İdmançıların valideynlərinin də həvəslə izlədiyi yarış gərgin mübarizə şəraitində keçib. Qılınc növü üzrə qızlar 1 yaş qrupu, oğlanlar 3 yaş qrupunda yarışıblar. Şpaqada da qızlar 1 yaş qrupunda, oğlanlar isə 2 yaş qrupunda mübarizə aparıblar. Yarışın ən balaca qalibi 8 yaşında olub.

Yarışın nəticələrinə əsasən, ilk 3 yeri tutan idmançılara kubok, medal və diplomlar təqdim edilib.

Həmin kateqoriyadan