Legionçunu əvəzedici heyətə göndərdilər

“Qarabağ” ispaniyalı futbolçusu Qaspar Panaderonu əvəzedici heyətə göndərib.

Allsport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı yarımmüdafiəçi “Qarabağ-2″nin heyətində I divizionun VII turunun “Səbail-2” ilə matçında meydana çıxıb. Panadero oktyabrın 21-də Tofiq Bəhramov adına respublika stadionunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə yendikləri UEFA konfrans liqasının III tur oyunundan əvvəl məşq zamanı zədələnmişdi. Hazırda o, zədədən bərpa dövrü keçir.

Ağdam təmsilçisi bu gün saat 15:15-də “Kayrat”a qarşı IV tur oyunu üçün Qazaxıstana yola düşəcək. Bu isə o deməkdir ki, Panadero səfərə aparılmayacaq.

Bundan əlavə, “Keşlə” klubu da əsas komandada çıxış edən hücumçu Amil Yunanovu əvəzedici heyətə göndərib. Forvard hazırda “Kəpəz”lə davam edən qarşılaşmada meydandadır.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da oyunu buraxacaq.

Həmin kateqoriyadan