“Qəbələ” ölkə çempionu oldu

“Qəbələ” 2014/15 mövsümündə 2-ci titulunu qazanıb. Allsport.az xəbər verir ki, bundan öncə U-14 Elit Kubokunu qazanan Xaqani Məmmədovun yetirmələrinin uğurunu U-17 də çempionluqla davam etdirib.

Ramin Quliyevin yetirmələri 19-cu turda aprelin 13-də “Neftçi” ilə ev oyununda 2:1 hesabı ilə qələbə qazanmaqla, sona 3 tur qalmış qızıl medalları rəsmiləşdiriblər.

Ramin Quliyev açıqlamasında çempionluq sevinci ilə bağlı təəssüratlarını bölüşüb: “1998-ci il təvəllüdlülər elə bir kollektivdir ki, burada seçmə futbolçular yığışıb. Kollektiv futbol akademiyamızın ən yaxşı komandalarından biridir. Təsadüfi deyil ki, 17 yaşlılarımız 3-cü ildir U-17 Liqasında 1-ci yeri tutur. Təbii ki, çempionluq uşaqlar üçün böyük stimuldur. Ancaq istənilən halda, əsas məqsədimiz titul qazanmaq deyil, “Qəbələ”nin daha yuxarı yaş qruplarına – U-19-a, əvəzedicilərə və əsas komandaya futbolçu verməkdir. Bu, məşqçi kimi ilk çempionluğum olduğundan, şəxsən mənim üçün önəmli nəticədir. Ötən mövsüm işlədiyim “Qəbələ”nin 2002-ci il təvəllüdlüləri ilə yalnız finalda uduzub, gümüş mükafatçı olmuşdum. İndi məqsədimiz kubokda da qalib gələrək mövsümü “qızıl dubl”la baş vurmaqdır. Buna yaxşı şansımız var. Çünki yarımfinalın birinci oyununda “Neftçi”ni 3:2 hesabıyla məğlub etmişik”.

Həmin kateqoriyadan