“Qarşımızda Avropa liqasına yollanmaq məqsədi durmayıb”

Premyer liqanın 18-ci turunda “Qarabağ” öz meydanında “Qəbələ”ni 3:0 üstələyib. Allsport.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev böyük hesablı yenilgiyə belə şərh verib:

“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Heyətimizdə itkilər, zədəli futbolçular var idi. Bu üzdən rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə nümayiş etdirdik.

İlk yarıda narazı qaldığımız epizodlar var idi. Ümumilikdə “Qarabağ”ın səviyyəsini qeyd etmək istəyərdim ki, bizdən üstündürlər. Amma yenə təslim olmuruq. Öz oyunumuzla daha yüksək pillələrə qalxmağa çalışacağıq. Qarşımızda Avropa liqasına yollanmaq məqsədi durmayıb. Komandanı hər qarşıdakı görüşə hazırlayırıq. Öz dəst-xəttimiz var.

Məşqdə onu daha da genişləndiririk. İnanıram ki, oyundan-oyuna daha məzmunlu olacaq. Komandanın potensialı var. Uduzduğumuz əksər matçlarda da rəqiblərdən geri qalmadığımızı göstərmişik”.

Həmin kateqoriyadan