Qılıncoynadanlar Almaniya turnirində iştirak edib

Azərbaycanın yeniyetmə şpaqaçıları Almaniyanın Haydenhaym şəhərində keçirilən “European cadet circuit” çərçivəsində “Hartmann cup” turnirində iştirak ediblər.

Allsport.az xəbər verir ki, qız qılıncoynadanların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 final mərhələsinədək irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn N.Rəhimova, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Xədicə Həsənli pley-offda turnirin qalibi Rusiya təmsilçisi Anastasiya Rustamovaya 4:15 hesabı ilə uduzub. 2 qələbə ilə pley-offa adlayan Aynur Quliyeva polşalı Pola Drobczuka 11:15 hesabı ilə uduzub. Qrupda bir qələbəsi olan Alfiyə Abdinova isə mübarizəni erkən dayandırıb.

Qız şpaqaçılarımız komanda yarışında ilk görüşdə Litvanı təmsil edən kollektivə 40:45 hesabı ilə uduzub.

Oğlan şpaqaçıların şəxsi yarışında qrupda keçirdiyi görüşlərdə 2 qələbə qazanan Raul Aruslanov pley-offda ardıcıl olaraq 2 fransalı rəqibi (Aleksis Kotte, Samuel Ravelo de Tovar) üzərində eyni hesablı (15:14) qələbə qazanaraq 1/32 finalda italiyalı Yakopo Rizziyə (8:15) uduzub. Qrupu 2 qələbə ilə başa vuran Cəmil Hidayətov və Orxan Həsənli isə pley-offa yüksələ bilməyiblər.

Oğlan şpaqaçılarımız komanda yarışında Almaniyanın 2-ci komandasına 27:45, Rumıniyanı təmsil edən seçmə kollektivə 38:44, Polşanın turnirdəki 2-ci komandasına isə 39:45 hesabı ilə məğlub olublar.

Həmin kateqoriyadan