Kinomuzun Əbu İmranı – qılıncoynatmanın canlı əfsanəsi 85 yaşına qədəm qoydu

Bu gün Azərbaycan qılıncoynatmasının rəmzi və canlı əfsanəsi Yaşar Məmmədovun 85 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, o, 1935-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan dövlət universitetini və Bakı ali partiya məktəbinin iqtisad fakültəsini bitirib. 1951-ci ildən boksla, 1953-cü ildən qılıncoynatma ilə məşğul olub. 1960-cı ildə Azərbaycanın ilk SSRİ idman ustası olub. 16 dəfə ölkə çempionu, Amerikada Dünya veteranları oyunlarının bürünc medalçısı olub.

SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisidir, yüksək kateqoriyalı məşqçi, XX əsrin ən yaxşı məşqçisi adına layiq görülüb. Azərbaycanın əməkdar idman xadimidir. 1973-cü ildən 2008-ci ilə qədər 36 il Azərbaycanın baş məşqçisi olub. Onun rəhbərliyi ilə 2 olimpiya, 4 dünya, dəfələrlə Avropa və SSRİ çempionları hazırlanıb. 6 olimpiya oyununun iştirakçısıdır. 18 il AQF-in prezidenti olub, uzun müddət 1-ci vitse prezident vəzifəsində çalışıb. Hazırda federasiya prezidentinin məsləhətçisidir. Yubilyar eyni zamanda Azərbaycan bədən tərbiyəsi və idman veteranları ittifaqı ictimai birliyinin sədridir.

Qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətlərinə görə 2002-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. 5 mart 2008-ci ildən prezident təqaüdçüsüdür. Yubilyarın adı 2014-ci ildə Beynəlxalq qılıncoynatma federasiyasının Şöhrət zalına daxil edilib. Oğlu İlqar Məmmədov 2-qat olimpiya çempionudur. Uzun müddət Rusiyada yaşayan mütəxəssis hazırda bu ölkənin baş məşqçisidir. Həyat yoldaşı Yelena Jemayeva millimiz adına sablya üzrə 2-qat dünya və Avropa çempionudur.

Yaşar Məmmədovun “Babək” filmində özünəməxsus rolu var. O, baş aktyor Rasim Balayevi qılıncoynatmanı öyrədib. Özü isə Əbu İmran rolunu canlandırıb.

Həmin kateqoriyadan