Ramin Musayev Superkuboku Antalyada keçirmək istəyir

Ötən mövsümün yekunlarına əsasən «Qarabağ» və «Neftçi» klubları ölkə superkubokunda üz-üzə gəlməlidirlər. Bu görüş avqustun 14-də nəzərdə tutulsa da, avrokuboklar səbəbindən təxirə salınmışdı. Premyer liqanın sıx qrafiklə keçirilməsi sözü gedən oyunu hələ də ertələyib.

Qış fasiləsində əksər komandalar təlim-məşq toplanışına Antalyanı məkan seçirlər. Həmin zaman Peşəkar Futbol Liqası da orada tədbir keçirir; Hakimlər Komitəsi referilərimizin ustalıq səviyyələrini artırmağa çalışır. PFL yanvarda Türkiyənin bu cənub şəhərində böyük KİV qrupu da ezam edir.

Bütün bunları göz önünə alan qurumun rəbəri Ramin Musayev, əlverişli zaman və məkan baxımından ələ düşən fürsəti lazımınca dəyərləndirmək istəyir. Bu üzdən, ona verilən məsləhətə müsbət cavab verib. İndi qalıb, tam əminlik üçün AFFA başbilənlərinin razılığını almaq.

Qeyd edək ki, ölkə Super kuboku ötən il bərpa olunub. Naxçıvanda keçirilmiş oyunda «Xəzər Lənkəran» çempion «Neftçi»yə 2:1 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan