Vəli Qasımov: “Biz finalda qələbəni rəqibdən daha çox arzulayırıq”

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, bu gün mətbuat konfransında bunu söyləyib:

“Bizi çətin oyun gözləyir. “Qarabağ” sabit çıxış edən, güclü heyətə malik komandadır, ölkənin ən yaxşısıdır. Bizim də perspektivli futbolçularımız çoxdur. İnanıram ki, sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

“Komandada gərginlik yoxdur. Biz son dövrlər daha sabit oynamağa başlamışıq, oyun sistemimiz alınır. Özümüzü yaxşı hiss edirik. Gücümüzə inamımız var. Titul qazanmaq üçün hər şeyi edəcəyik”.

“Cütlüyün favoriti “Qarabağ”dır. Amma final bir oyundan ibarətdir. Potensialımız var. Yaxşı matç keçirə bilərik. Düzgün oynasaq, az səhv etsək, nəticə qazanmağımız mümkündür”.

“Şota Arveladzenin “Neftçi”yə gələcəyi barədə mən də ancaq mətbuatdan oxumuşam. Amma bu xəbərlər hamısı yalandır”.

“Aylton bu görüşdə bizə kömək edə bilməyəcək. Bu, bizim oyunumuza təsir edə bilər. O, güclü oyunçudur. Meydanda olmaması bizim üçün itki olacaq. Onu kiminlə əvəz edəcəyimizi hələ müəyyənləşdirməmişik. Amma müəyyən fikrimiz var. Heyətlə bağlı dəyişiklik mümkündür. Lakin sistemimizdə heç bir dəyişiklik olmayacaq. Çünki öz oyun planımız var”.

Mütəxəssis, finalda mümkün məğlubiyyətdən də danışıb: “Bu görüşdə məğlubiyyət fiasko sayılmayacaq. Fiasko mövsümün əvvəlində baş verdi. Hansı ki, tez-tez uduzurduq. Biz finalda qələbəni rəqibdən daha çox arzulayırıq. Onlar artıq çempion olublar. Bir baş məşqçi kimi mən də kuboku qazanmağı çox istəyirəm”.

Həmin kateqoriyadan