Kamran HACI
Yararsız qadın güləş legionu kimə lazımdır

Kamran Hacı | kamran-haji@mail.ru

Yenə 1 gümüş və 1 bürünc  medal: əcnəbilər yığması elə Mariya ilə Yuliyadan ibarətdir?

Rio-2016-ya vəsiqə verdiyindən ABŞ-ın kazinolar şəhəri Las Veqasda güləşçilərin dünya çempionatının döşək üzərində mübarizəsi gərginliyi ilə yadda qaldı. Bütün çətinliklərə rəğmən, bahadırlarımız uğur qazanaraq, yenə sevindirdilər. Allsport.az saytı xəbər verir ki, həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz 1 dəst medal və olimpiadaya 4+4 lisenziya qazandılar. Bu iki seçmə komanda ilə müqayisədə, qadın güləşçilər haqda xoş söz söyləmək olmur. Okeanın o tayına yalnız əcnəbilərlə – Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Natalya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova ilə (69 kq) yollanan Semyon Çteryovun drujinası, üstəlik, bir çəkidə – 75 kq-da təmsil olunmayıb. Üstəlik, məhz bu çəki olimpiya proqramına daxil olan 6 çəkidən biridir. Demək, məşqçilər korpusu son dövrdə yaxşı işləməyib və həmin çəkidə boşluq yaradıb.

Ötən il olduğu kimi, bu çempionatda da 2 pəhləvan fəqləndi. Yenə eyni adlar: Mariya Stadnik (gümüş) və Yuliya Ratkeviç (bürünc). Daşkənddə keçirilən analoji yarışda bu güləşçilər fəxri kürsüyə çıxmışdılar. Sadəcə, qazanılan medalların əyarları bunun tərsi idi. Adı çəkilən idmançılar planetin ən güclülərinin yarışında üst-üstə 9 dəfə mükafata sahib çıxıblar. Bu yarışlarda medallarımızın ümumi sayı isə 13-dür! İndi özünüz nəticə çıxarın.
Düzdür, son zamanlar 53 kq-da çıxış edən Anjela Doroqan ustalığını artırıb. Bakı-2015-də baş mükafata sahib çıxdı; dünya çempionatında isə Rio-2016-ya vəsiqə qazandı. Amma onun «uğur zolağı»nın nə qədər uzanacağı naməlumdur.

Amma o da Azərbaycan güləş məktəbinin yetirməsi deyil. Azərbaycanda qadın güləş komandasının formalaşması 2007-ci ildə başladı. Yeni federasiya prezidenti Fazil Məmmədovun gəlişi ilə köklu islahatlara başlandı, hərtərəfli inkişaf üçün mühüm vəzifələr müəyyən edildi. O, uğur üçün heç nəyi əsirgəmir. AGF-in 1-ci vitse-prezidenti Namiq Əliyev daim milli komandaların yanındadır; hər an onlarla maraqlanır, tövsiyələrini verir. Bir sözlə, ən yüksək səviyyədə dəstək var. Deməli, iş görmək istəyən mütəxəssislər üçün də meydan açılıb.
Həmin vaxt milliyə xeyli sayda əcnəbi və cüdo ilə məşğul olan yerli qızlar dəvət olundu. Yuxarıda qeyd etdiyim kimi, sözü gedən 2 güləşçi elə o vaxtdan ölkə idmanına uğur qazandırır. Sona Əhmədli, Patimat Baqomedova, Nadejda Sementsova müəyyən dövrdə parlayıb söndülər. Digərlərinin ulduzu daha erkən yox oldu.

Burada məni bir sual düşündürür: komanda Mariya ilə Yuliyanın üzərində qurulubsa, onda digərləri nəyə lazımdır? Niyə onlara yersiz pullar xərclənir, artıq vaxt sərf olunur? Onsuz davamlı nəticə yoxdur. Götürək elə Nadejda Muşkanı (Sementsova). O, ailə qurandan sonra formasını itirib. Belə getsə, yeni həyata qədəm qoyub ana olan Natalya Palamarçuk kimi, onu da yola salmaq lazımdır. Amma yararsız əcnəbilərin yerli tərəf-müqabillərinin də faydalı iş əmsalı aşağıdır. Çünki cüdodan hazır gələn Sona Əhmədlidən savayı, nəticə verən azərbaycanlı qadın güləşçisi çıxmayıb. İndi ortaya qoyulası yerli xanım güləşçimiz yoxdur.

O vaxtdan 8 il ötüb. Bəhanə etmək olar ki, istedadlı yerli güləşçi tapmaq və ya yetişdirmək olmur? Amma idmandan az-çox nəyisə qanana da aydındır ki, bu, sadəcə, bəhanədir. Lap yeri gəlsə, bu torpaqda aslanı kimi güləşçisinin də erkəyi-dişisi aranmır. Sadəcə, bu istedadları üzə çıxarmaq üçün lazımi təbliğat-təşviqat aparılmır, mütəxəssislər iş görmək istəmir. Ya da bu işə iqtidarı və hünəri, ya da savadı və biliyi, yainki də cəsarəti və bacarığı çatan mütəxəssis yoxdur. Bu isə lap etiraf olar. Yəni Namiqi, Fəridi, son dövrdə Toğrulu, Hacını və Rəsulu yetişdirən mütəxəssislər olan məmləkətdə bu mümkündür?

Məncə səbəb(lər) başqadır. Məncə, ən vacibi qadın güləşində heyətə nəzarət vacibdir. Bunun üçün fərqli yollar var. Ən əvvəl nizam-intizam təmin olunmalıdır. Çünki bu günə qədərki nümunələr də göstərib ki, bir pis nümunə yatalaq kimi yayılıb bütün komandanı təbdən çıxarır. Bəli güləş pəhləvandan xarakter, kişilik, mərdlik, qətiyyət istəyir. Bu hansı idman növündə yoxdur ki! Aslanın da qadını erkəyindən geri qalmasa da, öz xilqətinə xələl gətirməz.

Hə, qadın güləşində bunun tam əksi də olur: erkək-dişi fərqinin olmamasını hərfi mənada başa düşmək də olar. Amma bu xarakter yox, tam əksinə, xaraktersizlikdir. Bu mövzuya bir başqa yazımda daha ətraflı toxunacağam. Amma hər necə olursa-olsun, Azərbaycanda qadın güləşinin perspektivi var. Sadəcə, ona qol-qanad verən lazımdır. Federasiya rəhbərliyinin dəstəyi isə məşqçi-mütəxəssis korpusuna, həyatını bu idman növünə həsr etmiş şəxslərə meydan verir.
Bəs kimə mane olan kimdir – bəlkə bu mövzuya da toxunaq…

Həmin kateqoriyadan