Yasamal rayonu qazilərinə Türkiyə – İsveçrə oyununa biletlər və sovqatlar təqdim edildi

2-ci Vətən müharibəsi qaziləri və iştirakçılarına dəstək məqsədi ilə bu gün Yasamal rayonunda görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantılar Bakı şəhər gənclər və idman baş idarəsi, Yasamal rayonu icra hakimiyyəti, Azərbaycan əlil arabasında qılıncoynatma federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib.

Tədbirdə BŞGİBİ rəisi Raqif Abbasov, Millət vəkili Səbinə Xasayeva, AƏAQF prezidenti Asəf Məlikov, Yasamal rayon gənclər və idman idarəsinin rəhbəri İlqam Səfərov, bu rayonun icra hakimiyyətinin qazi və 2-ci Vətən müharibəsi iştirakçıları ilə iş şöbəsinin əməkdaşları iştirak etmişlər.

Qazilərimiz Fərid Beydiyev, Əliağa Şahgəldiyev, Ayaz Əsgərli Ağaqasım Nuruzadə göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, hər an Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını, xalqın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.

Sonda qazilərimizə Avro-2020 futbol yarışı çərçivəsində sabah Bakıda keçiriləcək Türkiyə – İsveçrə oyununa biletlər və sovqatlar təqdim edilib.

Həmin kateqoriyadan