Kamran HACI
Yenə rəhm etmir gül bülbülə, Elxansa xalqın «Neftçi»sinə

Kamran Hacı | kamran-haji@mail.ru

«Neftçi» uşaqlığımın, yəni yeniyetməlik illərində azarkeşlik etdiyim komandadır. Düzü, Sovet dönəmində respublikanı, az, ya çox, layiqincə təmsil edən elə yeganə komanda da «Neftçi» idi.
Həvəslə «ağ-qaralar»ın indiki Tofiq Bəhramov adına Respublika stadionundakı oyunlarını gözləyərdim. Azyaşlı olduğumdan mövsümünü dəqiq xatırlamasam da, bir parlaq oyun uşaq təfəkkürümə xüsusi, görünür, həmişəlik hopub: «Neftçi» doğma divarlar arasında Moskva «Spartak»ına rahat şəkildə 2:0 hesabıyla qalib gəlmişdi. Yaşım çox az idi. Tam dərk etmirdim ki, bizimkilər şanlı böyük qardaş Rusiyanın bir nömrəli komandasını üstələyib.

Başqa mövsümlərdə prinsipal rəqibləri – «Ararat»la Tbilisi «Dinamo»sunu Bakıda məyus etməsi həmişə ovqatımı yaxşılaşdırırdı. Fürsət düşən kimi, qəzet köşkündən «İdman» qəzetini alıb, «Neftçi»nin neçənci yerdə olmasına baxardım.
Komanda SSRİ-nin dağılması ərəfəsində aşagı dəstəyə yuvarlananda, çox üzülmüşdüm. Amma yenə oyunlarını izləyir, azarkeşlik edirdim.
«Ağ-qaralır»ın müstəqilliyimizdə də enişli-yoxuşlu dövrləri az olmayıb. Hərçənd son anda komandanı xilas edən tapılırdı. İctimaiyyətdə geniş müzakirədən sonra rəhbər vəzifəyə gətirilən şəxs flaqmanı çətin vəziyyətdən qurtarırdı. Dədə Qorqud demişkən, nə biləydik, Oğuz igidlərini qabaqda nə müsibətlər gözləyirmiş.

Sonuncu dəfə «Neftçi»ni belə aciz, bəlkə bundan da betər, 2008-09 mövsümündə, AFFA tərəfindən, konkret baş katib Elxan Məmmədov və bizi xoşbəxt edən millinin baş məşqçisi Berti Foqtsun komandaya məsləhət gördüyü, soyadı da heç dilimizdə, bir ikrahsız səslənməyən Hans-Yurgen Gedenin zamanında gördüm. Bu Gedenin dövründə 17 komanda arasında «ağ-qaralar» 8-ci yeri tutdular (+9=9-8).
Paytaxt klubu futbolun dirçəlməyə başladığı yeni dövrdə, çempionatın gedişində heç vaxt bu qədər aşağı yerdə qərarlaşmamışdı: 10 kollektiv mübarizə aparırdığı Premyer liqada 9 turdan sonra 9 xalla (+2=3-4) yarış cədvəlinin 6-7-cı sıraları (1994-cü ildə qalmaqala görə çıxışını dayandırıb, texniki məğlubiyyətlərlə 8-ci olub)!

Elə indi də, pis-yaxşı, komandanı tarixində 3 dəfə dalbadal çempion edən, 2 dəfə ölkə kubokuna sahib çıxaran və Avroliqada qrup mərhələsinə adlamaqla futbolda iz qoyan Sadıq Sadıqova mövqeyini zəiflətməyə gətirilən vitse-prezident Elnur Məmmədov da, AFFA-nın baş katibi Elxan Məmmədovun kadrıdır. Bəli, Foqtsu başımıza bəla etməklə 6 il futbolumuzu geri qoyan «Boz evi»n 2-ci şəxsi indi də bilərəkdən, ya bilməyərəkdən ölkə futbolunun flaqmanı «Neftçi»ni çökdürür. Nədən? Niyə?
Suala cavab tapmaq çətindir.
Bircə o məlumdur ki, baş katibin «Troya atı» sayəsində «Neftçi» göz görə-görə əriyir, nüfuzdan düşür. Sərlövhəni də elə ona görə Elxan Məmmədovla əlaqələndirmişəm ki, «ağ-qaralar»ın hazırkı icraçı direktoru sırf onun adamıdır. Yəni ki, Məmmədovun birinin istəyi ilə o biri Məmmədov «Neftçi»yə gətirilib.

Nəticəsi isə göz qabağında.
Bəs nə qədər onun bağrı bu qədər qan olacaq?
Bəs haçan rəhm edəcək bülbüli-biçarəyə gül?
Bu nə intiqamdır, nə qisasdır, nə münsibətdir.

Olmaya, nüfuzlu bir komandanı diz çökdürməklə, öz qüdrətini nümayiş etdirmək istəyir?
Bəlkə kiminləsə dostyana mübahisə edib ki, ən güclü komandaya istədiyini edə bilər və bu da sorğu-sualsız qalacaq?
Amma, mən də bilirəm ki, məhşər hamı üçündür və mütləqdir. Həm də yıxılana balta vurmaq da həmişə dəb və şounun ayrılmaz tərkib hissəsi olub – bu da gərək yaddan çıxmasın.

 

Həmin kateqoriyadan