Gənc şpaqaçımız Ruslan Həsənov dünya kubokunda 2-ci yer tutub

Gənc şpaqaçılardan ibarət millimiz Bəhreyn paytaxtı Manamada dünya kubokunda iştirak edib. Allsport.az saytı xəbər verir ki, Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-offa yüksəlib. 1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 məğlub edən qılıncoynadan 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb.

Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov, finalda Çex Respublikasından Yakub Yurkaya 6:15 yenilib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq, Əbdülkərim Alotaibi (15:7) və Hüseyn Altavelə (15:9) qalib gələn Barat Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə uduzub(9:15). Qrupu 2 qələbə ilə başa vuran şpaqaçımız Kənan Məlikzadə isə 1/32 finalda Bəhreyn idmançısı Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleksandr Kamarqoya 6:15 hesabı ilə uduzub.

Həmin kateqoriyadan