“Əminəm ki, “Qarabağ”ımız bundan sonra da Qurban Qurbanovla yeni tarixi uğurlar qazanacaq”

“Qarabağ”ın başqanı Tahir Gözəl, baş məşqçi Qurban Qurbanovu yubileyi münasibəti ilə təbrik edib. Allsport.az saytı xəbər verir ki, o, 50 yaşlı mütəxəssisi fəaliyyətində uğurlar arzulayıb:

“Bu gün böyük qürur və fəxrlə deyirəm ki, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanovdur. Çətin günlərimiz də olub, bərabər böyük uğurlar əldə etmişik, tarixi nəticələr qazanmışıq. Biz o çətin günlərdə də Qurban Qurbanova güvənmişik, indi də güvənirik və bundan sonra da güvənəcəyik.

İnanıram ki, Qurban xoca növbəti yubileylərini də məhz “Qarabağ”ın baş məşqçisi kimi keçirəcək. Qurban Qurbanov futbol ictimaiyyətinə nümunə olacaq şəxsiyyətdir. Onun “Marsel” ilə oyundakı jesti yaddaşlardan silinməyəcək, tarixdə qalacaq.

Təsadüfi deyil ki, ölkə prezidenti İlham Əliyev Qurban Qurbanovun məhz həmin hərəkətini xatırladaraq, nümunə gətirdi. Qurban xoca ilə qürur duyur və fəxr edirik. Əminəm ki, “Qarabağ”ımız bundan sonra da Qurban Qurbanovla yeni tarixi uğurlar qazanacaq”.

Həmin kateqoriyadan