2 saylı Xırdalan məktəbi “Zirvə” oyunlarının qalibi olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, 27 növündə 12 ölkədən olan 4 mindən çox idmançının qüvvəsini sınayacağı yarışlarda növbə futbolçulara çatıb.

Dünyanın ən populyar, hər kəsin maraqla izlədiyi, həyəcanına şərik olduğu idman növü olan futbol hələ ilk “Zirvə” oyunlarıının proqramında olub. Hər dəfə də böyük tamaşaçı kütləsi olan matçlar öz gərginliyi ilə seçilib, izləyicilərin sevgisini qazanıb. Yaşlarının az olmasına baxmayaraq yeniyetmə idmançıların meydançanın hər qarışı uğrunda mübarizəsi, təslim olmaması, nümayiş etdirdikləri qələbə əzmi də həqiqətən alqışayayiq idi.

İki yaş qrupu – 10 və 14 yaşda mübarizə aparan Lənkəran, Cəlilabad, Bakı, Sumqayıt və digər regionları təmsil edən toplam 30 komandadan 250-yə yaxın futbolçu seçmə və final mərhələsində oyunlar keçirdilər. İki gün ərzində pley-off sistemi ilə oynanılan qarşılaşmalarda qaliblər yarımfinal və final matçlarına vəsiqə qazandılar. Yaşı 10-a qədər olan futbolçuların finalında “Sumqayıt” və “Lənkəran-Zirvə” komandaları üz-üzə gəldilər. Çox sayda qol epizodları ilə müşayiət olunan həll edici qarşılaşma 1:1 hesabı ilə bitdi və qalibi müəyyən etmək üçün oyunsonrası penaltilər yerinə yetirildi. Bu zərbələri daha dəqiq yerinə yetirən cənublular, çempion adına layiq görüldülər. Bu qrupda bürünc medala “Cəlilabad-Zirvə” futbolçuları sahib çıxdılar.

Yaşı 14-ə qədər olan futbolçuların finalı da gərgin keçdi. “Lənkəran-Zirvə” komandası son saniyələrdə vurulan qolla hesabı 3:3-ə çatdırdı və bu matç da penaltilərə getdi. Ancaq bu dəfə rəqib – “Xırdalan şəhəri 2 saylı orta məktəb” daha dəqiq oldu və çempionluğu bayram etdi. Bürünc medalı isə “Neftçi” qazandı.

Təntənəli mükafatlandırma mərasimində fəxri kürsüdə yer alan komandaların hər bir üzvünə medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

Həmin kateqoriyadan