Fiziki göstəricilərin qiymətləndirilməsi üzrə vebinar

Fiziki göstəricilərin qiymətləndirilməsi üzrə vebinar

Futbol sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə AFFA tərəfindən təşkil edilən maarifləndirici vebinarlar davam edir. Allsport.az xəbər verir ki, vebinarlar sıralamasında “Fiziki göstəricinin testlər vasitəsilə müəyyən edilməsi” mövzusunda növbəti onlayn təlim keçirilib. Onlayn təlimdə 40-a yaxın fiziki hazırlıq üzrə məşqçi, fiziki tərbiyə müəllimi və akademiya nümayəndəsi iştirak edib.

AFFA-nın futbolun inkişafı departamentinin fiziki hazırlıq üzrə eksperti Turcay Əhmədov tərəfindən keçirilən vebinarda fiziki performans testlərinin məqsədi, testlərin düzgün seçilməsi və tətbiqi, eləcə də nəticələrin məşq prosesində istifadəsi barədə məlumat verilib.

Seminar zamanı sürət, dözümlülük, partlayıcı güc, çeviklik, koordinasiya və antropometrik göstəricilərin qiymətləndirilməsi üçün istifadə olunan testlər təqdim edilib. Müxtəlif yaş qruplarına uyğun testlərin seçilməsi, ölçmələrin vahid protokollar əsasında aparılması, nəticələrin etibarlılığı və doğruluğu mövzularına xüsusi diqqət yetirilib.

Bildirilib ki, testlər futbolçunun yaşına və fiziki inkişaf mərhələsinə uyğun seçilməli, əldə olunan nəticələr isə yalnız məlumatların toplanması üçün deyil, oyunçuların inkişafının izlənilməsi və məşq proqramlarının təkmilləşdirilməsi məqsədilə istifadə edilməlidir.

İnteraktiv formatda təşkil olunan vebinarda iştirakçılar müxtəlif praktik situasiyaları müzakirə edib, yaş qrupları üzrə uyğun testlərin seçilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

AFFA məşqçilər və akademiya rəhbərləri üçün yeni öyrənmə və bilik mübadiləsi imkanları yaratmağa davam edir.

Həmin kateqoriyadan