Qurban Qurbanov: Rəqib bu cütün favoriti sayılır

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində son Çex Respublikasının “Viktoriya” (Plzen) klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandasının baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikrini bildirib:

“Viktoriya” tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda, bu cütün favoriti sayılır. Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq.

“Viktoriya”nı ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim. Rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya” ilə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular.

Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan