Nicat Qurbanov 27 yaşında karyerasını başa vurub

“Sumqayıt”ın futbolçusu Nicat Qurbanov karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi Feysbuk hesabında yazıb. O, artıq futboldan getməyin vaxtı olduğunu bildirib:

“Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıqlayacam. Həyat adamı bəzən sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəklimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım.

Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşımdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində “Neftçi”, “Kəpəz”, “Zirə” “Simurq” və AzAL-da da çıxış edib.

Həmin kateqoriyadan