AFFA-da yeni münaqişə ocağı – Kamil Rəhimov çatışmamazlıqla bağlı nə deyib?

AFFA-da yeni münaqişə ocağı yaranıb. Allsport.az saytının məlumatına görə, region liqasının hələ start götürməməsinin, bu yarışa marağın az olmasının səbəbi də budur. İş ondadır ki, region liqasının əsasnaməsi hazırlanarkən orada yalnız həvəskar komandaların oynayacağı qeyd olunub. Yarışın təşkili isə Həvəskarlar federasiyasına deyil, məşqçilər komitəsinə, AFFA-nın kütləvi futbol departamentinə, uşaq və gənclər üzrə yarışlarların təşkili şöbəsinə, Regional Futbol Federasiyalarına tapşrılıb. Nonsesdi – həvəskarların yarışında Həvəskarlar Federasiyası yoxdur.

AFFA indi region liqasına komanda tapa bilmir. Problemin həlli üçün peşəkar statusu olan “Şahdağ”, “Energetik”, “Göyəzən”kimi komandaları həvəskara çevirirlər. Bu, uzun prosesdi, həmin klublar Ədliyyə Nazirliyinə müraciət edib, statusunu dəyişməlidi. Birinci diviziona yüksəlmək lazım gələndə isə yenidən peşəkar klub statusu almaq üçün növbəti dəfə müraciət etməli, qeydiyyatdan keçməli olacaqlar. AFFA mükafat fondu təşkil edib, həmin klubları şirnikləndirmək, Region Liqasına yığmaq istəyir.
AFFA niyə Həvəskarlar Federasiyasını görməzdən gəlir, bu quruma güvənmir? Cavabı bilmək maraqlı olar! Futbolinfo.az assosiasiyanın mətbuat xidmətinə müraciət edib, bu gün dolğun cavab verəcəklərini bildiriblər.
O da maraqlıdı ki, Həvəskarlar Federasiyası da öz işindədir. Bu qurum artıq Bakı zonasında yeni mövsümü başladıb və 3 tur arxada qalıb. Reallıq budur ki, 2 eyni statuslu yarış nəzərdə tutulub: birini AFFA təşkil etmək istəyir, digəri isə artıq başlayıb. Həvəskarlar Federasiyasının prezidenti Kamil Rəhimov da bu yarışı öz inhisarına almaq istəyən baş katib Elxan Məmmədovdan küsüb və səlahiyyətlərinin imkan verdiyi kimi davranır. Banklardan birində filial rəhbəri olan bu şəxs ayrıca yarış keçirir.

Bəs, UEFA regionlar kubokunda bu yarışlardan hansının qalibi iştirak edəcək? Bu sualı futbolinfo.az Kamil Rəhimova verib. Vaxtilə Oğuz rayonunun icra başçısı olan, indisə bankçılıq edən həmsöhbət qəti cavab verib:
– Əlbəttə ki, bizim keçirdiyimiz yarışın qalibi. Əsasnaməmizdə də belə yazılıb və onu baş katib Elxan Məmmədov imzası ilə təsdiqləyib. Belədə başqa hansısa yarışın qalibi bu hüquqa yiyələnə bilməz.

– Kamil bəy, bəs, bir qurumun bayrağı altında eyni statuslu 2 yarış nəyə lazımdır?
– Bu suala region liqasını yaradanlar cavab verməlidi. Əlbəttə, bir yarış keçirilməlidir.

– Region liqası yarananda sizinlə məsləhətləşmədilər?
– İşçi qrupunda olan Ağasəlim Mircavadov, Vaqif Sadıqov, İsgəndər Cavadovla çox yaxşı münasibətlərimiz var. Amma AFFA-dan bizimlə maraqlanmayıblar. Deyərdilər, bəlkə elə bu yarışı ləğv edib, region liqasının daha yaxşı təşkilinə biz də yardım edəcəkdik. Amma istəməyiblərsə, özləri bilər. İstənilən halda, həvəskarlar arasında yarışı bizim federasiya keçirir. Həm də AFFA-nın bayrağı altında.

– Yəqin razılaşarsız ki, qəribə vəziyyətdi: AFFA komanda axtarır, siz isə onları gözləmədən Bakı zonasında yarışlara start vermisiz…
– Biz işimizi davam etdiririk. Hər il yarış təşkil edirik və bu il də gözləyə bilməzdik. Məsləhətləşsəydilər, bəlkə də hansısa yardımımız dəyərdi. Lakin bizi heç işçi qrupa salmayıblar. Deməli, məqsəd başqadı. Sakitcə işimizi görürük. Region Liqasında şərtlər başqadı, klublara diviziona vəsiqə vəd edirlər. Biz isə yalnız qalibi həvəskarlar arasında qitəmiyaslı yarışa göndəririk.

– Sizin yarışdan da diviziona az komanda yüksəlməyib…
– Elədir. “Qaradağ Lökbatan”, “Ağsu”, “Binə”… Onlarca belə komanda var. Amma onlar bizim yarışda təcrübə toplayandan, formalaşandan sonra peşəkar status alıblar.

– Rəsmi açıqlama olmasa da, yeni liqanın təşkilatçıları sizi səviyyəli yarış keçirməməkdə, bölgələrə diqqət ayırmamaqda günahlandırır. Belə ki, yarışlar əsasən paytaxtda olur və az sayda rayon komandası mübarizəyə qoşulur.
– Mən elə deməzdim. Kifayət qədər bölgə komandamız olub. İndi də belə komandalarımız çoxdu. Region liqası yaranandan sonra necə olacağını bilmirəm, amma bu baxımdan problemlə üzləşməmişik. Peşəkar futbolda da eyni problem var. Maliyyə çətinliyi çox şeyə təsir edir.

Həmin kateqoriyadan