Aftandil Hacıyev: Artıq hər xal önəmlidir, səhvə yol vermək olmaz

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev müsahibə verib. Allsport.az saytı xəbər verir ki, klubun mətbuat xidməti əməkdaşı ilə söhbətdə ölkə çempionatındakı son durum müzakirə olunub, gələcək planlar açıqlanıb.

– İrəlidə 4 vacib oyun oyun var. Gözləntiləriniz nələrdir?
– Hər oyuna qələbə əzmi ilə çıxırıq. Növbəti oyunlarda da çalışacağıq ki, meydanda mübariz komanda görək. Düşdüyümüz durumdan çıxmaq üçün mütləq qarşıdakı oyunlarda xal qazanmaq lazımdır.

– Yerli və gənc futbolçulara göstərdiyiniz diqqət göz qabağındadır. Gələcəkdə akademiyanın yetirmələrindən əsas komandaya cəlb olunan futbolçular olacaq?
– Bu il daha çox yerli futbolçulara üstünlük verdik. Bu istiqamətdə işlərimiz hələ də davam edir. “Səbail”in futbol akademiyasının istedadlı oyunçularını hər zaman diqqətdə saxlayırıq. Azərbaycan U-19 milli komandası ilə baş tutan yoxlama görüşünə də akademiyanın oyunçularını cəlb etdik. Çalışırıq ki, əsas komandada öz yetirmələrimizə daha çox şans verək.

– Sizin fikrinizcə, mövsümdə keçirdiyiniz uğurlu oyunlar hansı idi?
– Bu mövsüm bir neçə uğurlu oyunumuz olub. “Sabah”la evdə qələbə qazandığımız oyun və “Qarabağla” baş tutan hər 2 görüşü qeyd edə bilərəm. Uğurlu oyunların sayının artması üçün çalışırıq.

– Hazırda komandada ən yaxşı formada çıxış edən futbolçu kimdir və ya kimlərdir?
– Bu günə qədər komandanın heyətində ən çox oyun keçirən gənc futbolçularımızdan biri Turan Manafovdur. Güvəndiyimiz oyunçulardan biridir ki, hər oyunda iştirak edib. Heyətimiz onsuz da geniş deyil. Buna görə də hər bir futbolçuya şans veririk. Çalışırıq heyətdə dəyişiklik edək ki, heç biri oyun praktikasından əziyyət çəkməsin. Statistikaya nəzər yetirdikdə, ən çox oyun keçirənlərin məhz gənc futbolçular olduğunu görürük.

– Qarşıda “Qəbələ” ilə vacib oyun var. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq üçün xala ehtiyacınız var. Bu oyuna xüsusi hazırlıq gedir?
– Hər oyuna ciddi yanaşırıq. Futbolçuları rəqibin xüsusiyyətlərinə görə kökləməyə çalışırıq. “Qəbələ” də oyunu ilə rəğbət qazanan komandadır. Bilirik ki, bizi çətin rəqib gözləyir. Artıq mövsümün bitməyinə 4 tur qalıb. Buna görə də hər xal önəmli sayılır və səhvə yol verilməməlidir. “Qəbələ” ilə oyunda istədiyimiz xalı qazanmaq üçün çalışacağıq.

– Mövsümün sonuna 4 tur qalıb, artıq bitmək üzrədir. Bu mövsümü necə dəyərləndirirsiniz?
– Ümumiyyətlə, mövsümə bütün klublar çətin durumda başladı. Sevindirici hal o oldu ki, koronavirus pandemiyası səbəbilə futbolda yaranan fasilə bitdi. Üzən hal isə sadəcə oyunların azarkeşsiz keçirilməsidir. Daha uğurlu çıxış etmək üçün heyətdə rəqabəti artırmağa ehtiyac var. Rəqabətin az olması daha uğurlu çıxış etməyimizin qarşısını alır.
Oyun baxımından ilk dövrəni yaxşı keçirdik. İkinci dövrəni bəlkə də ən zəif dövr hesab etmək olar. Çünki az xal qazandıq. Bəzi oyunlarda, bəzi futbolçuların təcrübəsi çatışmadı ki, istədiyimiz xalları qazana bilək. Qış fasilədən sonra isə oyunları qənaətbəxş saymaq olar. Daha yaxşı nəticələr üçün növbəti oyunlarda maksimum xal qazanmalıyıq ki, turnir cədvəlində yuxarı pillələrə qalxaq.

– “Səbail” mövsümdə çətinliklərlə üzləşsə də mübarizəsini sonadək davam edir. Oyunlar, xallar, qələbə və məğlubiyyətlərdən əlavə belə vəziyyətdə komandanın hər oyunda əzmkar mübarizə aparmasının əsas səbəbi nədir?
– Düşünürəm ki, klubun heyəti sağlamdır. İstər işçi heyəti, istər məşqçilər korpusu, istərsə də futbolçular arasında olan ünsiyyət çətinlikləri arxada qoymağa şərait yaradır. Xüsusən də rəhbərlik, işçi heyəti və məşqçilər korpusunda sağlam heyətin formalaşması əzmlə mübarizə aparmağımıza təsir edən əsas amillərdən biridir.

Həmin kateqoriyadan