Aleksandr Səmədov: Bakıda Avroliqanın final oyununda səfir olmaq qürurvericidir

“Krılya Sovetov”un Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov müsahibə verib. Allsport.az saytı ona.az-a istinadən xəbər verir ki, o, vaxtı ilə niyə Azərbaycanı yox, Rusiya millisini seçdiyinə də aydınlıq gətirib:

– Aleksandr, Azərbaycan futbolu haqqında fikirlərinizi eşitmək istərdik.
– Azərbaycan futbolu inkişaf edir. “Qarabağ” klubunun oyunlarına, o cümlədən çempionlar liqasında son çıxışına baxmışam. Çox yaxşı oyun sərgiləyirlər. Azərbaycanın milli komandasının Xorvatiya yığması ilə oyununu da izlədim. Düzdür, 1:2 hesabı ilə məğlub olsalar da, gözəl futbol göstərdilər. Ramil Şeydayev qol vurdu. Onun qol vurmasına çox şad oldum. Oyundan dərhal sonra zəng edib, Ramili təbrik etdim. Bir sözlə, Azərbaycan futbolunu izləyirəm. Azərbaycan futbolu inkişaf edir. Qarşıda Azərbaycan futbolunu çoxlu qələbələr gözləyir.

– Mayın 29-da Bakıda Avropa liqasının final oyunu keçiriləcək. Siz həmin oyunun səfirisiz. Belə bir mötəbər yarışmanın finalının Bakıda keçirilməsinin və sizin də səfir olmağınızın hisslərini, təəssüratlarını bölüşərdiz.
– Bundan çox məmnunam. Bakıda Avroliqanın final oyununda səfir olmaq qürurvericidir. Çox şadam ki, məni belə böyük mötəbər tədbirə səfir kimi dəvət ediblər. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi çox vacibdir. Bu, Azərbaycan futbolunun inkişaf etməsi baxımından da çox vacibdir. Belə nüfuzlu turnirin finalının Bakıda keçirilməsi möhtəşəm hadisədir.

– Aleksandr, Azərbaycan və Rusiya milliləri arasında seçim edərkən, nəyə əsaslandız? Azərbaycanlı futbol azarkeşlərinin sizə münasibəti barədə nə deyə bilərsiz?
– Düşünürəm ki, mən bu məsələdə haqlı olmuşam. Həqiqəti deyirəm. Vaxtında öz seçimimi etmişəm. Şadam ki, Rusiya yığmasını seçmişəm. Bundan qürur duyuram. Rusiya yığmasında uğurlu karyeram olub. İki dünya çempionatında oynamışam. Azərbaycan isə bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub. Ona görə ki, atam azərbaycanlıdır. Mən heç vaxt bunu gizlətməmişəm. Bəli, müxtəlif hadisələr olub. 2013-cü ildə insanlar məni tamamilə düzgün başa düşməmişdilər, ayrı cür qəbul etmişdilər. Lakin yenə də Allaha şükürlər olsun ki, bu münasibətlər dəyişdi, baş verənlər unuduldu. İndi çox şadam ki, Bakıda keçiriləcək Avropa liqasının səfiri olacam. 

Həmin kateqoriyadan