Aslan Kərimov: Norveç millisinin zəif yerlərini bilirəm

“Hesab bizi aldatmasın. Rəqibimiz 0:1 hesabı ilə uduzsa da, qol vurmaq üçün şansları çox idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü apasport.az-a açıqlamasında millimizin məşqçisi Aslan Kərimov deyib. Dünən Norveçin öz meydanında Estoniyaya 0:1 hesabı ilə uduzduğu yoldaşlıq görüşünü izləyən gənc mütəxəssis, Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da “ayulduzlular”ımızın qonağı olacaq skandinaviyalılar haqda fikirlərini açıqlayıb:

“Adətən biz skandinaviyalıların hava toplarına üstünlük verdiyini görmüşük. Amma indi Norveç millisi fərqli futbol nümayiş etdirir. Daha çox yerlə oynayırlar. Mərkəzdə balacaboy sürətli və cəld futbolçuları var. Hücumlar da məhz bu oyunçuların sayəsində qurulur. Amma biz 1997-ci ildə dünya çempionatı-1998-in seçmə mərhələsində Norveçə 0:5 hesabı ilə uduzarkən, onlar demək olar bütün qolları hava ötürmələri və ucaboy futbolçularının sayəsində vurmuşdular. Amma indi hər şey fərqlidir”.

Kərimovun fikrincə, Norveç yığmasının da zəif cəhətləri var və bundan istifadə etmək lazımdı: “Təbii ki, bunu qeyd etmişəm. Qarşıdakı günlərdə məhz həmin zəif mövqeləri analiz edib, ona uyğun məşqlər edəcəyik. Futbolçulara da necə oynamaq lazım olduğunu başa salacağıq. Belə deyim biz bu komandanı Bakıda məğlub edib, 3 xal ala bilərik. Yəni, qalib gəlməyimiz mümkündür”.

 

Həmin kateqoriyadan