Autizmli uşaqlar üçün futbol festivalı

AFFA və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizmli uşaqlar üçün futbol festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, layihənin əsas məqsədi autizmli uşaqları cəmiyyətə inteqrasiya etmək, bu kimi tədbirlər sayəsində onların sosiallaşmasında rol oynamaq və insanları bu barədə maarifləndirməkdən ibarətdir.

40-a yaxın autizmli uşağın cəlb olunduğu futbol festivalında “Neftçi” klubunun və Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və “Zirə” komandasının oyunçusu Ruslan Abışovla birlikdə qadınlardan ibarət milli komandanın üzvü Manə Mollayeva da iştirak edib.

Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Hədiyyələri iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Futbolun Sosial Məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva və milli komandanın üzvləri təqdim edib.

Həmin kateqoriyadan