“Azarkeşlər üçün çox baxımlı oyun oldu”

Premyer liqanın XXII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Hər 2 komandanın futbolçularına təşəkkür edirəm. Azarkeşlər üçün çox baxımlı oyun oldu. Son 2 matçımızda 13 qol vuruldu. Həm komandalar, həm futbolçular üçün də faydalı alındı. Qarşımızda fərqli, oyun sistemində dəyişiklik etmiş “Sabah” var idi. Bizə çətinlik yaradırdı, amma qarşılaşmanın gedişində oyunu ələ almağa çalışırdıq. Rəqib də öz sürətli əks-hücumları və futbolçularından yaxşı istifadə edirdi. Andrey Lunyovun buraxdığı son qol baxımlı alındı. Hətta özüm də alqışladım.

Qapıçılar üzrə məşqçi bu topa baxacaq. Təcrübəli qolkiperdir. Bundan sonra belə zərbələrə daha hazır olar. Tam ideal formada deyilik. Bu qədər qol buraxırıqsa, çatışmazlıqlarımız var. Rəqibin yaxşı düşünülmüş hücumları oldu. Komandam diqqətli oynayırdı. Hücumda oynayan komandayıq və istər-istəməz belə boşluqlar olur. Rəqib də bundan istifadə edə bilirsə, qollar vurulacaq. Qapımıza bu qədər penalti təyin olunması yadıma gəlmir. Bu da futbolun maraqlı bir hissəsidir.  Daha çox topa sahib olmaq, hücum qurmaq istədik. İnanıram ki, buraxılan toplardan hamımız nəticə çıxaracağıq”.

Həmin kateqoriyadan